“Fənərbaxça” yeni baş məşqçi axtarışlarını yekunlaşdırıb. İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Serjio Konseysao ilə müqavilə imzalamaq barədə razılığa gəldiyi bildirilir.
“A Spor”un məlumatına görə, tərəflər arasında müqavilənin müddəti ilə bağlı fikir ayrılığı aradan qaldırılıb. Belə ki, İstanbul klubunun rəhbərliyi 1,5 illik sözləşmə təklif etdiyi halda, Konseysao 2,5 illik müqavilə istəyib. Aparılan danışıqlardan sonra portuqaliyalı mütəxəssis klubun ilkin təklifini qəbul edib.
Məlumata əsasən, “Fənərbaxça” rəhbərliyi 51 yaşlı çalışdırıcını noyabrın 4-də Çempionlar Liqası çərçivəsində keçiriləcək “Liverpul”la oyundan əvvəl İstanbula gətirməyi planlaşdırır. Klubun məqsədi Konseysaonun bu qarşılaşmanı tribunadan izləməsidir. Onun Türkiyəyə gəlişi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
“Fənərbaxça”nın sabiq baş məşqçisi Joze Mourinyo ilə deyil, klubda daha əvvəl çalışmış digər portuqaliyalı mütəxəssis Joze Jezusla da məsləhətləşmələr aparılıb. Rəhbərliyin fikrinə müraciət etdiyi Jezus həmyerlisi barədə müsbət rəy verərək, “Onda gəncliyimdəki özümü görürəm” ifadəsini işlədib.
Məşqçilik karyerasına 2012-ci ildə “Olyanense”də başlayan Konseysao sonradan “Akademika”, “Braqa”, “Vitoriya Gimarayneş” və Fransanın “Nant” klublarında çalışıb. 2017-ci ildə “Portu”ya rəhbərlik etməyə başlayan mütəxəssis bu komandada keçirdiyi 7 mövsümdə 3 dəfə Portuqaliya çempionu olub. Onun rəhbərliyi altında komanda 4 dəfə ölkə kubokunu, 3 dəfə Superkuboku və 1 dəfə Liqa Kubokunu qazanıb. Beləliklə, Konseysao “Portu” tarixinin ən titullu məşqçilərindən birinə çevrilib.
2024-cü ilin dekabrında İtaliyanın “Milan” klubunun sükanı arxasına keçən portuqaliyalı mütəxəssis burada İtaliya Superkubokunun qalibi olub. Lakin A Seriyasında gözlənilən nəticələrin əldə olunmaması səbəbindən 2025-ci ilin mayında vəzifəsindən ayrılıb.
Konseysaonun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub. O, 2026-cı ilin iyununda bu komanda ilə yollarını ayırıb. 51 yaşlı mütəxəssisin məşqçilik karyerasında ümumilikdə 12 titul var.