DÇ-2026-da İspaniya millisinin əsas simalarından biri olan “Atletik”in hücumçusu Niko Uilyams iki illik sevgilisi Ayni Qarsiya ilə yollarını ayırıb.
İspaniya mətbuatının yazdığına görə, cütlük dünya çempionatından qısa müddət sonra münasibətlərinə son qoyub. Jurnalist Xavi Hoyos ayrılığın qarşılıqlı anlaşma şəraitində baş verdiyini bildirib. Telecinco kanalının jurnalisti Letisiya Rekexo isə iddia edib ki, münasibətləri bitirmək qərarını süni intellekt mühəndisi olan Ayni Qarsiya verib. Onun sözlərinə görə, mundialın son həftələrində cütlüyün münasibətlərində problemlər yaranmışdı.
Maraqlıdır ki, cəmi bir neçə həftə əvvəl Ayni Qarsiya sosial şəbəkədə Niko Uilyamsı ad günü münasibətilə romantik sözlərlə təbrik etmiş, daha sonra isə dünya çempionluğunu birlikdə qeyd etmişdilər. Lakin ayrılıqdan sonra o, futbolçunu sosial şəbəkələrdə izləmədən çıxarıb və onunla paylaşdığı fotoların bir qismini silib.
İspaniya mediasının məlumatına görə, ayrılıq xəbəri Uilyamsın Marbelyadakı istirahəti zamanı yaxtada dostları və bir neçə qadınla görüntülənməsindən sonra daha da gündəmə gəlib. Bildirilir ki, həmin görüntülər Ayni Qarsiyanı narahat edib. Bununla belə, yaxın çevrənin sözlərinə əsasən, münasibətlərin bitməsinə xəyanət və ya üçüncü şəxsin müdaxiləsi səbəb olmayıb.
Mənbələrin iddiasına görə, futbolçu və süni intellekt mühəndisi 2024-cü ilin ortalarında tanış olmuş, iki il ərzində birlikdə səyahətlər etmiş və Uilyamsın zədələrlə üzləşdiyi dövrdə də münasibətlərini davam etdirmişdilər. Hətta ötən yay futbolçunun “Barselona”ya baş tutmayan transferi zamanı da Qarsiya onun ən böyük dəstəkçilərindən biri olub. Hazırda Niko Uilyams dostları ilə İbizada istirahət edir. Nə futbolçu, nə də keçmiş sevgilisi ayrılıqla bağlı rəsmi açıqlama verib.
