Fransa millisinin sabiq müdafiəçisi Benjamen Mendi karyerasının ən dəyərli uğurlarından biri dünya çempionluğu kubokunun nüsxəsini hərraca çıxarıb.
RMC Sport nəşrinin məlumatına görə, 32 yaşlı futbolçu DÇ-2018-də qazandığı çempionluğun xatirəsinə təqdim olunan kubok nüsxəsini 8 il sonra “Goldin” hərrac evində satışa çıxarmaq qərarına gəlib.
Fransanın Xorvatiya üzərində qazandığı qələbəyə həsr olunmuş xüsusi yazı və Mendinin imzası ilə təsdiqlənmiş həqiqilik sertifikatı ilə təqdim edilən eksponata ümumilikdə 38 təklif verilib. Üzərində kiçik çat və istifadə izləri olmasına baxmayaraq, kubok 54 min avroya satılıb.
Benjamen Mendi karyerası ərzində “Havr”, “Marsel”, “Monako”, “Mançester Siti”, “Loryan” və “Sürix” kimi tanınmış klubların formasını geyinib. O, klub səviyyəsində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Fransa çempionatının qalibi olub. Mendi, həmçinin Fransa millisinin heyətində 2018-ci il dünya çempionluğunu qazanıb. 2025-ci ildən Polşanın “Poqon” (Şçetsin) klubunda çıxış edən təcrübəli müdafiəçi ötən mövsüm 12 oyunda meydana çıxıb. Transfermarkt portalı onun hazırkı transfer dəyərini 400 min avro olaraq qiymətləndirir.