Didye Deşam: “Futbol dəyişib, indi futbolçulara hər qərarı izah etməliyəm”

11.07.26 | 01:35
Dünya futbolu

Fransa millisini düz 14 ildir uğurla çalışdıran və cari dünya çempionatından sonra postunu tərk edəcəyini açıqlayan əfsanəvi mütəxəssis Didye Deşam, turnirin gedişatında xarici mətbuata geniş müsahibə verib. Təcrübəli baş məşqçi komandadakı daxili mühitdən, Kilian Mbappenin kapitanlığından, gənc nəslin psixologiyasından və gələcək planlarından danışıb.

Uğurun sirri: “Dəyişən nəsillərə uyğunlaşmaq”

– Cənab Deşam, Fransanın sükanında 14 il bənzərsiz bir müddətdir. Belə bir gərgin postda bu qədər uzun müddət qalmağı necə bacardınız?

– Hər şeydən əvvəl – istər mənim üçün, istərsə də futbolçularım üçün – ən vacib amil qələbədir. Biz 2016-cı ildə Avropa çempionatının, 2022-ci ildə dünya çempionatının finalını oynadıq, 2018-ci ildə isə dünyanın ən güclüsü olduq. Bu illər ərzində mənim uğur qazanmağımın əsas səbəbi yeni şərtlərə və nəsillərə uyğunlaşmağı bacarmağımdır. Çünki indiki futbolçu nəsli mənim fəaliyyətə başladığım dövrdəki gənclərdən tamamilə fərqlənir.

– Bu fərq özünü nədə göstərir? Rəhbərlik üslubunuzmu dəyişib?

– Komandaya konkret və sərt təlimatlar vermək də bir üslubdur və bu, haradasa işə yaraya bilər. Mən həmin yanaşmanı tənqid etmək istəmirəm, lakin mən öz dəyərlərimə sadiq qalsam da, ünsiyyət formamı dəyişmişəm. Keçmişdə işə yarayan bir metodun bu gün də mütləq effektiv olacağını düşünmək yanlışdır. Futbol və onun ətrafındakı hər şey dəyişib.

Əvvəllər turnirlərə 23 futbolçu aparılırdı, indi isə bu say 26-dır. Komandanı idarə etmək indi daha çox vaxt aparır. Xüsusilə gənc nəsil daha çox diqqət, təmas və izahat tələb edir. Bizim dövrümüzdə belə deyildi; məşqçi “oynayırsan” və ya “oynamırsan” deyirdi, mövzu bağlanırdı. İndi isə mən qəbul etdiyim heyət qərarlarını, hətta taktiki seçimləri belə futbolçulara izah etməli oluram. Amma bunu məmnuniyyətlə edirəm, çünki əsas məqsədim heyətdən və ya texniki heyətdən heç kimi itirməməkdir.

“Turnirlərdə futbolçunun məyusluğunu idarə etmək çətindir”

– Futbolçuları ehtiyatda saxlamaq psixoloji baxımdan nə dərəcədə çətindir?

– Klub futbolu ilə milli komanda düşərgəsi arasında böyük fərq var. Klubda futbolçu məşqdən və ya oyundan sonra evə qayıdır, ailəsini görür, fikrini yayındırır və növbəti gün daha yaxşı əhval-ruhiyyə ilə qayıda bilir. Lakin rəsmi turnirlərdə biz həftələrlə 24/7 rejimində bir yerdəyik. Hər bir oyunçunun iddiaları yüksəkdir, hər kəs özünü digərindən üstün hesab edir. Bir futbolçuya hər gün onun komanda üçün vacib olduğunu deyib, sonra ona bir dəqiqə də şans verməmək asan deyil. İlk günlərdə ehtiyatda qalmaq problem yaratmır, lakin turnir uzandıqca həmin məyusluq yığılıb böyük problemə çevrilə bilər. Baş məşqçi kimi əsas işim bu emosiyaları düzgün idarə etməkdir.

– Fransa millisi bu turnirdə baxımlı və hücumameyilli futbolu ilə heyran edir. Sizin oyun fəlsəfəniz bir çoxları üçün etalondur…

– Maraqlıdır ki, xaricdə bizim oyunumuzu belə qəbul etsələr də, Fransanın özündə bizi tez-tez həddindən artıq praqmatik olmaqda ittiham edirlər. Mən oyunçularıma meydanda böyük azadlıq verirəm, lakin müdafiə ilə hücum arasındakı balans heç vaxt pozulmamalıdır. Mən bir fransızam və bununla qürur duyuram – bütün müsbət və mənfi tərəflərimizlə birgə.

Mbappe və Olise haqqında

– Kilian Mbappe artıq bu turnirdə 8 qola imza atıb. Hüqo Lyorisdən sonra kapitanlıq sarğısını alan Kilian bu rolin öhdəsindən necə gəlir?

– O, bizim üçün fantastik bir liderdir. Son illərdə böyük təcrübə qazandı və kapitan kimi ciddi yetişdi. Kilian üzərinə böyük məsuliyyət götürür və artıq təkcə öz adından danışmadığının fərqindədir. Bu işi mükəmməl şəkildə icra edir.

– “Bavariya”nın gənc ulduzu Maykl Olisenin turnirdəki performansını necə qiymətləndirirsiniz?

– 2024-cü il Olimpiadasından sonra milliyə ilk gəldiyi dönəmdə bir qədər çətinlik çəkirdi. Lakin əzmkarlığı və aldğı dəstək sayəsində o, hazırda dünyanın ən yaxşı oyunçularından birinə çevrilib. Olise bizim müdafiə ilə hücum xəttimiz arasındakı əsas bağlayıcı bənddir. Onun Münhendə, Vinsent Kompaninin rəhbərliyi altında keçdiyi inkişaf yolu göz qabağındadır. Ümumiyyətlə, heyətimizdəki 16 oyunçunun İngiltərə, İspaniya, Almaniya kimi aparıcı xarici çempionatlarda çıxış etməsi millinin xeyrinə işləyir.

“DÇ-2026-dan sonrakı gələcəyim? Mən azad adamam”

– Fransa bu dəfə titulu qazana biləcəkmi?

– Əsas odur ki, “biz favoritik, bizə nə ola bilər ki?” düşüncəsinə qapılmayaq. Ambisiya və özünəinam vacibdir, lakin təvazökarlığı unutmaq olmaz. Çünki rəqabət amansızdır. Biz bunun acı nümunəsini Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzanda gördük. Kiçik bir arxayınlıq dərhal cəzalandırılır.

– Turnirdən sonra millidən ayrılacaqsınız. Geriyə baxanda daxilinizdə hansısa peşmanlıq və ya nisgil varmı?

– Karyeramda unuda bilmədiyim iki ağrılı final var: Avro-2016-da doğma meydanda Portuqaliyaya (0:1, əlavə vaxtda) və Qətərdəki DÇ-2022-də Argentina ilə matçdakı (penaltilərlə 5:7) məğlubiyyətlər. Bunlar çox ağır zərbələr idi, lakin reallıqla barışıb irəli baxmağı bacarmaq lazımdır. Mən bu gün də eyni ehtiras, qətiyyət və istəklə işimin başındayam. Təcrübə artır, amma uğura olan aclıq heç vaxt itmir.

– Dünya çempionatından sonrakı planlarınız nədir? Yenidən hansısa klubda, yoxsa başqa bir yığmada çalışmaq istərdiniz?

– Mənim seçim azadlığım var. Mən azad adamam və bunu hamı bilir. Əgər turnirdən sonra bir müddət fasilə verməyə ehtiyac duysam, bunu edəcəm. Lakin hazırda bütün diqqətim və konsentrasiyam yalnız Fransanın uğuruna yönəlib.v

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26