Kevin De Brüyne qış transfer pəncərəsində “Napoli”dən ayrılmaq ehtimalını istisna etməyib. Belçikalı yarımmüdafiəçi bu barədə Çempionlar Liqasında “Mançester Siti” ilə oyun öncəsi mətbuat konfransında danışıb. O, İtaliyada özü və ailəsinin üzləşdiyi çətinliklərdən də narazılığını ifadə edib.
Yanvarda komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı suala konkret cavab verməyən 35 yaşlı futbolçu gələcəyi barədə düşünmək üçün səbəblərinin olduğunu bildirib: “Hazırda bu barədə çox danışa bilmərəm. Bu mövsüm potensialımın 400 faizini ortaya qoyuram. Artıq 20 yaşım yoxdur, 36 yaşım yaxınlaşır və gələcəyimlə bağlı bir çox məqamı nəzərə almalıyam. Yaxşı oynayıram və komandama kömək etmək üçün əlimdən gələni edirəm. Amma bu mövsüm çətinliklər də az olmayıb”.
De Brüyne xüsusilə bəzi KİV-lərin ailəsi barədə yazdıqlarına və bunun doğurduğu reaksiyalara etiraz edib. Onun həyat yoldaşı Mişel Lakrua daha əvvəl “Napoli”dən ayrılmaq istədiyini bildirmişdi. Futbolçu isə mətbuatda yayılan xəbərlərin ailəsinə qarşı xoşagəlməz münasibətə səbəb olduğunu deyib: “Çox məyusam. Yazılanları oxusaydınız, nədən danışdığımı anlayardınız. Həyat yoldaşıma və ailəmə qarşı xoşagəlməz reaksiyalar oldu. Hətta evimin şəkillərini də gördüm. Bu, qəbuledilməzdir.
Jurnalistlər belə bir vəziyyətin yaranmasına səbəb oldular. Mənim şəxsi həyatımı bilmirsiniz və heç kimin ora müdaxilə etməyə haqqı yoxdur. Bütün bunlar gələcəyim barədə düşünməyimə səbəb olur. Həm mənim, həm də həyat yoldaşım üçün çox xoşagəlməz vəziyyət idi”.
Bununla belə, belçikalı yarımmüdafiəçi “Napoli”dəki çıxışından narazı olmadığını vurğulayıb. O, milli komandadakı oyunu ilə klubdakı performansının müqayisə edilməsini də düzgün saymayıb: “Millidə oynadığımız futbol “Napoli”dəkindən fərqlidir. Amma burada da yaxşı çıxış etdiyimi düşünürəm. Bu mövsüm üzərimə düşən işi yerinə yetirirəm. Həmişə ilk üçlükdə olmaq istəyirik, hazırda isə vəziyyət belədir. Dünya çempionatından sonra komandaya bir qədər gec qoşulsam da, müntəzəm oynayıram. Bundan artığını istəyə bilmərəm”.
De Brüynenin “Napoli”dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik komandanın nəticələrinin də ürəkaçan olmadığı vaxta təsadüf edir. Mənbənin təqdim etdiyi statistikaya əsasən, belçikalı futbolçu İtaliya klubunda keçirdiyi 37 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.