Mundiada uğurlu çıxışından sonra Norveçdə əsl futbol bumu yaşanır. Azarkeşlər nəyin bahasına olursa-olsun komandalarını ABŞ-də dəstəkləmək üçün yollara düşüblər. Yaranan böyük tələbat səbəbindən aviaşirkətlər və turizm agentlikləri təcili əlavə tədbirlər görmək məcburiyyətində qalıblar.
1/8 finalda Braziliya üzərində qazanılan tarixi 2:1 hesablı qələbədən sonra norveçlilərin üzü Cənubi Floridaya tərəf çevrilib. Yığma komanda şənbə günü Mayamidə 1/4 final çərçivəsində İngiltərə sınağına çıxacaq.
VG nəşrinin məlumatına görə, “Finn Reise” bilet müqayisə platformasında Braziliya üzərindəki qələbədən dərhal sonra – cəmi bir saat ərzində ABŞ-yə uçuş axtarışları 1000 faizdən çox artıb. Hətta Erlinq Holandın 79-cu dəqiqədə vurduğu qələbə qolundan dərhal sonra sistemdə görünməmiş sıxlıq müşahid olunub.
“Platformamızda indiyədək belə bir mənzərə görməmişdik. Bu, hər mənada tarixi bir hadisədir”, — deyə şirkətin kommunikasiya meneceri Nora Vigen Stabell bildirib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ-yə səfər sorğuları 250 faiz çoxalıb. Eyni zamanda London, Amsterdam və Frankfurt kimi tranzit hava limanlarına olan marşrutlara da tələbat kəskin artıb.
Təbii ki, bu vəziyyət aviaşirkətlərin də diqqətindən yayınmayıb. “SAS” və “Norse Atlantic” kimi nəhəng aviaşirkətlər Mayami istiqamətində reyslərin sayını artırmaq qərarı veriblər.
“SAS”ın mətbuat katibi Eysteyn Şmidt məsələyə münasibət bildirərək deyib: “Norveç milli komandasının inanılmaz çıxışına anında reaksiya verdik. Məqsədimiz azarkeşlərin İngiltərəyə qarşı keçiriləcək 1/4 final matçına rahat və maneəsiz çata bilməsini təmin etməkdir”.