Misir və Avstraliya arasındakı qarşılaşma cari dünya çempionatının pley-off mərhələsinin bəlkə də ən sönük afişası hesab olunurdu. Lakin Dallasdakı görüş futbolsevərlərə kifayət qədər dramatik süjet xətti bəxş etdi. Komandalara ayrılan 120 dəqiqəlik əsas və əlavə vaxt o qədər də yüksək keyfiyyətli oyunla yadda qalmadı. Emam Aşurun vurduğu qola “Sokkeruz” (Avstraliya millisi) ənənəvi standart vəziyyətlə cavab verdi və bu epizod avtoqolla nəticələndi.
Matçın taleyini isə məşqçilərin penalti seriyası ərəfəsində etdiyi taktiki gedişlər həll etdi. Misirin baş məşqçisi meydana Mahmud Saberi buraxdı və o, ilk cəhddəncə inamlı zərbə ilə fərqləndi. Avstraliyanın çalışdırıcısı Toni Popoviç isə böyük riskə gedərək qapıçı dəyişikliyinə əl atdı. Meydana daxil olan veteran qapıçı Mettü Ryanın oyunu yığması üçün əsl fəlakətə çevrildi. “Levante”nin sabiq qolkiperi zərbələrdən öncə künclərə yıxılmaqla heç bir seyv edə bilmədi. Mərkəz müdafiəçiləri Harri Suttar və 18 yaşlı Lukas Herrinqtonun boşa çıxan zərbələrini də bura əlavə etsək, futbol tarixində penalti seriyasına ən pis hazırlıqlardan birinin şahidi olarıq.
Beləliklə, Məhəmməd Salahlı Misir adını növbəti mərhələyə yazdırdı. “Fironlar” 1934-cü ildən bəri ilk dəfə 1/8 finala vəsiqə qazandılar. Lakin burada bir incə məqam var: 92 il əvvəl İtaliyadakı turnir elə birbaşa bu mərhələdən başlayırdı. Buna görə də Misir millisinin bugünkü nəticəsini rahatlıqla ölkə futbol tarixinin ən böyük uğuru hesab etmək olar.
Dünya çempionatı, 1/16 final
Avstraliya – Misir 1:1 (penaltilər seriyası – 2:4)
Qollar: Aşur, 13 (0:1), Hani, 55 – avtoqol (1:1)
Penaltilər seriyası: Suttar – 0:0 (aut). Saber – 0:1. İrvayn – 1:1. Rabia – 1:2. Mabil – 2:2. Salah – 2:3. Herrinqton – 2:3 (dirək). Abdelmaqid – 2:4Avstraliya: Biç (Ryan, 119), Suttar, Herrinqton, Çirkati, O’Nill (Okon-Enqstler, 91), İrvayn, Bexiç, Bos (Truin, 46), Metkalf (Mabil, 91), Volpato (Xrustiç, 74), İrankunda (Ture, 74).
Misir: Şobeir, Yasser İbrahim, Rabia, Hafez (Trezeqe, 80), Hani, Fati (Abdelmaqid, 67), Ateya (Saber, 120+1), Mərmuş (Abdelkarim, 106), Aşur, Salah, Ziko (Hassan, 67).
Sarı vərəqələr: Hassan (104), Yasser İbrahim (120).
Baş hakim: Texera (Uruqvay).Stadion: “AT&T” stadionu (Arlinqton, ABŞ).