Mundialda İngiltərə və Argentina yığmaları arasında keçiriləcək yarımfinal matçı ərəfəsində ehtiraslar pik həddə çatıb. Britaniyanın “Daily Mail” nəşri qarşılaşma ilə bağlı ciddi narahatlığını ifadə edib. Lakin əsas hədəf futbolçuların hazırlığı deyil, matçı idarə edəcək referidir. Belə ki, ingilis mətbuatı baş hakim İsmayıl Elfatı “Lionel Messinin sevimli hakimi” adlandırır.
FİFA bazar ertəsi amerikalı İsmayıl Elfatın bu mühüm qarşılaşmaya baş hakim təyin olunduğunu açıqlayıb. Bu qərar dərhal birmənalı qarşılanmayıb. Bəzi ekspertlər təyinatın arxasında siyasi motivlərin dayandığını və dünya futbolunun ali qurumunun bununla amerikalıların rəğbətini qazanmağa çalışdığını iddia edirlər.
“Daily Mail” qəzeti yaranmış vəziyyəti belə şərh edib: “FİFA-nın Messinin sevimli hakiminin İngiltərə və son dünya çempionları arasındakı çoxdan gözlənilən yarımfinal matçına təyinatını təsdiqləməsi, turnirdə Argentinaya xüsusi rəğbət bəslənilməsi ilə bağlı şübhələri daha da artırdı”.
Bəs ingilis mətbuatının bu iddiaları nəyə əsaslanır? İsmayıl Elfat Argentinanın Qətərdə Fransa üzərində qələbə qazandığı DÇ-2022-nin final matçında da hakimlik etmişdi. Bundan əlavə, argentinalı ulduz “İnter Mayami”yə keçdikdən sonra amerikalı referi MLS-də komandanın 4 matçını idarə edib və bu görüşlərin hər biri Mayami təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Lakin məqalədə bu ittihamların bir qədər absurd göründüyü də vurğulanır. Məsələnin bu qədər qabardılmasının əsas səbəbi isə cari turnir ərzində Argentina millisinin iştirakı ilə keçirilən oyunlardakı əvvəlki hakim qalmaqallarıdır. Xatırladaq ki, hələ Əlcəzairlə ilk matçda Şimon Marçinyakın qaydanı pozan Messiyə ekspertlərin gözlədiyi qırmızı vərəqəni göstərməməsi kəskin etirazlara səbəb olmuşdu. Misirlə qarşılaşmadakı mübahisəli idarəçilikdən sonra isə Misir Futbol Federasiyası FİFA-ya rəsmi şikayət ünvanlamışdı. Bəzi tənqidçilər hətta “tanqoçular”ın yarımfinala məhz ustalıqlarına görə deyil, hakimlərin onlara qarşı loyallığı sayəsində yüksəldiyini iddia edirlər.