FİFA prezidenti Canni Infantino ilə Donald Tramp arasındakı yaxın münasibətlər ABŞ-də siyasi müstəviyə keçib. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin DÇ-2026 zamanı yaşanan qalmaqallı qərarlarla bağlı FİFA rəhbərindən sənədlər təqdim etməsini və konqres qarşısında ifadə verməsini tələb edib. Ağ Ev isə ittihamlara dərhal sərt reaksiya verib.
Ceymi Raskin FİFA-dan avqustun 9-dək Tramp administrasiyası, onun ailə biznesi və yaxın çevrəsi ilə bağlı bütün maliyyə-kommersiya əlaqələrinin, hədiyyələrin və yazışmaların təqdim olunmasını istəyib.
İttiham aktında yer alan əsas məqamlar FİFA rəhbərliyinin həm idman, həm də kommersiya prinsiplərini pozduğunu göstərir. Sənəddə Infantinonun Trampa yeni təsis edilmiş “FİFA Sülh Mükafatı”nı təqdim etməsi, ali futbol qurumunun “Trump Tower”da ofis açması və püşkatma mərasiminin Vaşinqtona keçirilməsi kimi şübhəli güzəştlər xüsusi vurğulanır. Eyni zamanda, disvalifikasiya olunmuş amerikalı hücumçu Folarin Baloqunun Trampın şəxsi zəngindən sonra yenidən yaşıl meydanlara qayıtması və ABŞ Ədliyyə Nazirliyinin FİFA-dakı korrupsiya təhqiqatlarını dayandırması üçün Ağ Evə təzyiq göstərilməsi ehtimalları da diqqətə çatdırılır. Siyahını tamamlayan sonuncu ciddi iddia isə azarkeşlərin istismar edilməsidir: “dinamik qiymətləndirmə” siyasəti nəticəsində final matçına biletlərin maksimum qiyməti süni şəkildə 1550 dollardan 33 000 dollara qədər qaldırılıb.
“The Athletic” nəşrinin məlumatına görə, Ağ Evin mətbuat katibi Devis İnql konqresmenin tələblərini kəskin tənqid edib: “Ceymi Raskin yalnız axmaqların gözündə ağıllı görünə bilər. Heç bir prezident Donald Tramp qədər amerikalılara və dünya idmanına xidmət etməyib. Onun cəsarətli baxışı və qətiyyətli rəhbərliyi sayəsində DÇ-2026 milyardlarla dollar gəlir gətirərək tarixin ən uğurlu və təhlükəsiz idman turnirlərindən biri kimi yadda qalacaq”. Hazırda Demokratlar Nümayəndələr Palatasında azlıqda olduğu üçün Raskinin tələbləri hüquqi baxımdan icrası məcburi xarakter daşımır. Yəni FİFA prezidenti Infantino Konqresə gəlməkdən imtina edə bilər. Lakin noyabrda keçiriləcək konqres seçkilərində Demokratlar üstünlüyü ələ keçirərsə, FİFA rəhbərinin rəsmi qaydada dindirilməsi və sənədlərin məcburi tələb edilməsi qaçılmaz olacaq.