Meksikalı referi Katya Qarsiya üçün 2026-cı il dünya çempionatında oyun idarə etmək uşaqlıq arzusunun gerçəkləşməsi idi. Lakin karyerasının zirvəsinə gedən yol onun üçün heç də hamar olmayıb. Dünyanın ən nüfuzlu futbol turnirində debüt edən xanım hakim, sosial şəbəkələrdə inanılmaz nifrət və təhqir dalğası ilə üzləşib.
Tarixi debüt və çətin keçən karyera yolu
Katya Qarsiya ötən cümə axşamı Kanzas-Sitidə baş tutan Niderland – Tunis qarşılaşmasını idarə edərək, dünya çempionatlarında debüt edən ilk qadın hakimlərdən biri olub. Bu həm də turnirin 1/16 final mərhələsinin ilk oyunlarından birinə təsadüf edib.
Meksika Milli Muxtar Universitetinin Siyasi Elmlər fakültəsinin məzunu olan Qarsiyanın futbola gəlişi asan olmayıb. İlk olaraq peşəkar futbolçu olmaq istəsə də, o dövrdə Meksikada qadınlar üçün peşəkar liqa mövcud deyildi. Beləliklə, o, 2015-ci ildən həvəskar matçlarda hakimliyə başlayıb.
2017-ci ildə Meksika Qadınlar Liqasının (Liga MX Femenil) qurulması ilə ilk günlərdən bu prosesə qoşulub. Uğurlu idarəçiliyi sayəsində 2019-cu ildə FİFA dərəcəli hakim statusu alıb. Daha sonra pillə-pillə irəliləyərək 2022-ci ildə kişilərin ikinci liqasına, 2024-cü ildə isə Meksika yüksək liqasına (Liga MX) təyinat alıb. Beynəlxalq arenada isə o, artıq 2023-cü il Qadınlararası Dünya Çempionatı və 2024-cü il Paris Olimpiadası kimi nəhəng turnirlərin təcrübəsinə malikdir.
Karyerası boyu bəzi jurnalistlərin və azarkeşlərin hədəfində olan Qarsiya, ötən il 25 Noyabr – Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə Günündə sosial şəbəkələrdə aldığı dəhşətli mesajları ictimaiyyətə açıqlayıb. Meksikadakı rəqəmsal zorakılıq statistikası ilə bərabər paylaşılan həmin təhqirlərdən bəziləri bunlardır:
*”Kişi idmanına burnunu soxmağı dayandır. Sizin bu məcburi bərabərlik siyasətinizdən bezdik. Mətbəxinə qayıt!”
*”Tam bir axmaqsan, oyun idarə etməyi belə bacarmırsan.”
*”Tənqidə dözə bilmirsənsə, rədd ol get! Futbol ancaq kişilər üçündür!”
*”Peşəkar hakim olmaq üçün görəsən kiminlə yatmısan?”
Adını dünya çempionatları tarixinə oyun idarə edən ilk qadın hakim kimi yazdıran meksikalı referinin məruz qaldığı bu amansız kiber-hücumlar futbol ictimaiyyətini ayağa qaldırıb.FİFA prezidenti Canni Infantino xanım referiyə qarşı edilən hücumları kəskin şəkildə qınayıb və Katya Qarsiyaya ali futbol qurumu adından tam dəstək nümayiş etdirdiklərini bəyan edib.