Beynəlxalq Cüdo Federasiyası (IJF) Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra idmançıların yenilənmiş dünya reytinq cədvəlini açıqlayıb.
Siyahıda millinin üzvü Balabəy Ağayev (60 kq) 4620 xalla növbəti dəfə öz çəki dərəcəsində dünya liderliyini qoruyub.
Budapeştdəki turnirə qatılmayan idmançılarımızdan Zelim Tçkayev (81 kq, 3762 xal), Murad Fatiyev (90 kq, 3500 xal) və Uşanqi Kokauri (+100 kq, 3731 xal) 3-cü pillədə qərarlaşıblarsa, Ruslan Paşayev (66 kq, 3430 xal) 4-cü sırada yer alıb.
Macarıstandakı yarışda qızıl medal qazanan Rəşid Məmmədəliyev (73 kq) iki pillə irəliləyərək 3814 xalla “top-5″liyi qapayıb. Eyni zamanda, Əhməd Yusifov (60 kq, 3425 xal) 5-ci, Kənan Nəsibov (+100 kq, 3340 xal) isə 7-ci pillədə qərarlaşıb.
Təsnifatda sıçrayış edən digər idmançılarımız isə Budapeştdə bürünc medala sahib çıxanlar olub. Belə ki, Camal Qamzatxanov (+100 kq) iki addım irəliləyərək 2955 xalla 11-ci pilləyə qalxıb. Vüsal Qələndərzadə (81 kq) isə birdən-birə 9 pilləlik irəliləyişlə 2144 xal toplayaraq dünya reytinqində 18-ci sıraya yüksəlib.