DÇ-2026-nın C qrupunda liderlik mübarizəsi Mərakeş və Braziliya arasında gedir. İlk turda bu iki nəhəngin duelində bərabərlik (1:1) qeydə alındığı üçün onlar indi qiyabi yarışa başlayıblar. Şotlandiya və Haiti isə favoritlərin işini çətinləşdirməyə çalışır.
Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisinin rəqibi isə iddiaları olduqca təvazökar olan Haiti idi. Çoxları “beşqat çempionlar”ın qələbəsini öncədən proqnozlaşdırırdı; yeganə vəzifə turnirdə növbəti sensasiyaya imkan verməmək idi. İlk yarı göstərdi ki, komandanın turniröncəsi forması necə olursa-olsun, bu rəqib “pentaçempionlar” üçün problem yaradacaq gücdə deyil.
Braziliyalılar üçün ilk hissənin yeganə neqativ məqamı Rafinyanın zədələnməsi oldu. Hücumçu əvvəlcə potensial qollu epizodlarda iki dəfə oyundankənar vəziyyətə, ardınca isə meydanın mərkəzində yerə əyləşərək əvəzlənməsini istədi. Komandanın hücum xəttindəki liderini itirmək təhlükəsi artıq həkimlərin həll etməli olduğu bir məsələdir.
Lakin bu itki “selesao”nun matçdakı qələbə şanslarına təsir etmədi. Rafinya əvəzlənməmişdən öncə Lukas Paketa parlaq oyunu ilə diqqət çəkdi və sol cinahdan üç təhlükəli əks-hücum təşkil etdi. Bu epizodların ikisini Mateus Kunya, birini isə qolla yanaşı məhsuldar ötürmə ilə də yaddan qalan Vinisius Junior tamamladı.
Braziliya ilk hissəni yüngül məşq tempində keçirsə də, fasilədən sonra eyni temp görmədik. Təbii ki, bu, favoritlərin şüurlu seçimi idi – qol şousu göstərmək əvəzinə, güclərini qorumağa və enerjini turnirin növbəti ağır matçlarına saxlamağa üstünlük verdilər. Haitinin cəhdləri isə sadəcə cəhd olaraq qaldı. Sebastyan Minyenin yetirmələri üçün bu hücumlar turnirdəki son təsəlli addımları idi.
Dünya kuboku. C qrupu, 2-ci tur
Braziliya – Haiti – 3:0
Qollar: Kunya (24, 36), Vinisius (45+3)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Braziliya: Alisson – Duqlas Santos, Qabriel, Markinyos, Danilo da Silva – Qimaraes (Ederson Lourenso, 81), Kazemiro – Vinisius (Danilo Oliveyra, 81), Paketa (Martinelli, 64), Rafinya (Rayan, 40) – Kunya (Endrik, 64).
Haiti: Plasid – Eksperiens, Delkrua, Düvern, Ade, Arküs (Simon, 46) – Providens (Jozeff, 71), Belqard (Etyenn, 81), Jan-Jak, Kazimir (Didson, 63) – Pyero (Izidor, 46).
Xəbərdarlıqlar: Duqlas Santos (65) – Arküs (4), Pyero (45+4), Jan-Jak (72)
Stadion: “Linkoln Faynenşl Fild” (Filadelfiya, ABŞ)