Çempionlar Liqasının son qalibi olan PSJ-nin düşərgəsində final matçı ərəfəsində yüksək əhval-ruhiyyə hökm sürür. Paris təmsilçisi həlledici qarşılaşma öncəsi əsas ulduzlarının sıraya dönməsi ilə rahat nəfəs alıb. Zədə səbəbindən bir müddətdir komandadan kənarda qalan Usman Dembele, Əşrəf Hakimi və Nunu Mendeş artıq məşqlərə qoşulublar. Baş məşqçi Luis Enrike hər üç futbolçunun qarşıdakı həlledici görüşdə iştirak edə biləcəyini təsdiqləyib: “Onlar sabahkı matçda heyətdə olacaqlar”.
“Bavariya” ilə yarımfinal oyununda bud nahiyəsindən zədələnən Əşrəf Hakimi, Liqa 1-in son turlarında forma geyinməyən Nunu Mendeş və mövsümün son matçını erkən tərk edən Usman Dembelenin durumu azarkeşləri ciddi narahat edirdi. Lakin mətbuat konfransında çıxış edən Dembele pessimist proqnozları alt-üst edib: “Heç bir narahatlığım qalmayıb. Zədələndiyim an müəyyən şübhələrim olsa da, özümü toparlamaq üçün kifayət qədər vaxtım var idi. Mövsüm hamımız üçün ağır və sıx qrafiklə keçdi, istirahətə vaxt az oldu. Amma hazırda özümü 100 faiz hazır hiss edirəm”.
Qeyd edək ki, Paris təmsilçisi Çempionlar Liqası kubokunu ardıcıl ikinci dəfə qazanmaqla, tarixdə bunu bacaran ikinci komanda (“Real”dan sonra) olmaq ərəfəsindədir. Luis Enrike rəqibləri “Arsenal”ın qələbə aclığını başa düşdüyünü, lakin öz motivasiyalarının daha yüksək olduğunu vurğulayıb: “Arsenal”ın motivasiyası çox güclüdür, bunu anlayıram. Amma təsəvvür edin, ardıcıl ikinci dəfə kuboku qaldırmağın motivasiyası nə qədər böyükdür? Bu, hər şeydən üstündür”.
İspaniyalı mütəxəssis Parisə gəldiyi ilk gündən bu məqsəd uğrunda çalışdıqlarını qeyd edib: “Bəli, bu, həm mənim, həm klubun, həm də idman direktorunun əsas hədəfi idi. Hər şey plan üzrə gedir. Biz ötən il qazandığımız titulu yenidən əldə etməyə layiqik”.