Portuqaliya polisinin narkotik qaçaqmalçılığına qarşı həyata keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində Lissabonun “Benfika” klubunun məşhur talismanı – Vitoriya adlı qartalın təlimçilərindən biri, Xuan Paulo Santos həbs edilib.
46 yaşlı Santos “Şahin” (Falcão) kod adı altında keçirilən əməliyyat çərçivəsində saxlanılıb. O, kommersiya reysləri vasitəsilə Latın Amerikasından Avropaya, xüsusən də Lissabonun “Umberto Delqado” hava limanı üzərindən kokain daşıyan beynəlxalq cinayətkar şəbəkənin üzvü olmaqda şübhəli bilinir.
Sentyabrın 11-də baş tutan əməliyyat zamanı Santosla yanaşı, hava limanında baqaj operatoru işləyən 48 yaşlı yoldaşı da saxlanılıb. İstintaq hakimi tərəfindən dindirildikdən sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Santos məhkəmə polisinin mərkəzi qərargahında nəzarət altında saxlanılır.
Cinayətkar sxem hava limanındakı bütün standart təhlükəsizlik yoxlamalarından yayınmaq üçün xüsusi olaraq dizayn edilib. Cənubi Amerikadan gələn təyyarələrdən kokainlə dolu çantalar gömrük nəzarətinə çatmamış, enişdən dərhal sonra ələ keçirilib.
Hadisə barədə ilk məlumat yayan “Correio da Manhã” nəşrinin məlumatına görə, həbs edilən baqaj operatoru dəfələrlə şübhəli çantaları birbaşa təyyarənin yük hissəsindən götürərkən görüblər. Ehtimal olunur ki, daha sonra Santos hava limanı ərazisində sərbəst hərəkət etmək hüququ verən xidməti avtomobilindən istifadə edərək narkotik vasitələri aeroportdan çıxarıb və beynəlxalq şəbəkənin digər üzvlərinə təhvil verib.
Xuan Paulo Santos rəsmi olaraq “Umberto Delqado” hava limanında şahinbaz kimi çalışırdı. Onun əsas vəzifəsi təyyarə mühərriklərində yarana biləcək nasazlıqların və qəzaların qarşısını almaq üçün xüsusi təlim görmüş quşların köməyi ilə uçuş zolağını kiçik quşlardan təmizləmək idi.
Bununla paralel olaraq, o, “Benfika”nın ən tanınmış simvollarından biri olan Vitoriya qartalının təlimi ilə məşğul olan komandanın əsas üzvlərindən biri kimi tanınırdı. Məşhur qartal hər ev oyunundan əvvəl “Da Luj” (Da Luz) stadionunun üzərində pərvaz edərək klubun kimliyinin və ənənəsinin ayrılmaz bir hissəsinə çevrilib.