DÇ-2026-nın 2-ci turunda İngiltərə və Qana yığmalarının oyunu qolsuz bərabərliklə bitib. Matçın ən çox müzakirə olunan siması isə yenə Cud Bellingem olub. Qarşılaşmanın ən yaxşısı seçilən gənc ulduz oyunun gedişində həm rəqib məşqçini qəzəbləndirib, həm də meydandan qovulma təhlükəsi yaşayıb.
Dünya çempionatında tətbiq edilən yeni qaydaya əsasən, rəqiblə mübahisə zamanı ağzı əllə, yaxud forma ilə gizlətmək birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.
Yeni qaydanın ilk qurbanı paraqvaylı Migel Almiron oldu. O, Türkiyə matçında rəqibi Mert Müldürlə danışarkən ağzını tutmuşdu. VAR-ın müdaxiləsindən sonra referi Almironu meydandan qovdu.
İngiltərə – Qana oyununda oxşar vəziyyət Cud Bellingemlə Cordan Ayu arasında yaşanıb. Lakin qaydadakı mühüm bənd Bellingemi xilas etdi: Cəza yalnız tərəflər arasında gərginlik və münaqişə olduğu halda tətbiq edilir. Hakimlər bu epizodda aqressiya görmədikləri üçün adi söhbət kimi qiymətləndiriblər. Bellingemin ətrafında tək bu epizod yox, ümumi atmosfer kifayət qədər gərgin olub. İlk hissənin sonunda Cerom Opokuya qarşı sərt müdaxiləsinə görə sarı vərəqə almayan Cud, fasiləyə yollanarkən Qananın məşqçilər korpusu, xüsusən də Karluş Keyruşla söz davasına çıxıb.
Səbəkar baş verənləri belə şərh edib: “Açığı, axmaq bir fənd işlətmişdim. Topa müdaxilə etmək istəyərkən rəqibə toxundum. Onunla danışmaq istəyirdim, amma Qana skamyası sarı vərəqə tələb etmək üçün ayağa qalxdı. Orada Karluş Keyruşu tanıdım. O, vaxtilə “Mançester Yunayted”də işləyib, ona böyük hörmətim var. Baş verənlər sadəcə rəqabət ehtirasından doğurdu, başqa heç nə”.