“Sabah” yeni mövsümün hazırlıq planını rəsmən açıqlayıb. Paytaxt təmsilçisinin yay təlim-məşq toplanışının keçiriləcəyi məkan və dəqiq tarixlər artıq bəllidir. İyunun 17-də yeni mövsümün hazırlıqlarına start verəcək “bayquşlar”ın əsas hazırlıq mərhələsi Avstriyada baş tutacaq. Tirol bölgəsində təşkil olunacaq xarici toplanış iyulun 3-nə qədər davam edəcək.
Tirol toplanışı çərçivəsində “bayquşlar”ın oyun praktikasını artırmaq üçün 3 yoxlama matçı keçirməsi planlaşdırılır. Sözügedən görüşlərin proqramı, tarixləri və sparinq-rəqiblərin kimliyi barədə məlumat yaxın günlərdə bəlli olacaq.
“Sabah” komandası yeni mövsümə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən start verəcək.