Basklar beynəlxalq rəsmi yarışlarda öz ölkələrinin adı altında çıxış etmək arzusundan əl çəkmirlər. Bask Futbol Federasiyası kişi və qadın millilərinin beynəlxalq status alması, eləcə də FİFA və UEFA-ya üzvlük istiqamətində təşəbbüslərini yenidən aktivləşdirib. Lakin bu yolda ciddi hüquqi maneə var.
Bask Futbol Federasiyası noyabrın 10-da hər iki milli komandanın rəsmi beynəlxalq status qazanması üçün müraciət prosesini bərpa etdiyini açıqlayıb. Bununla bağlı İspaniyanın Ali İdman Şurasına müraciət göndərilib, ölkənin Futbol Federasiyası da planlar barədə məlumatlandırılıb.
Bask tərəfi təşəbbüsünü İspaniyada 2022-ci ildə qəbul edilən İdman haqqında qanuna əsaslandırır. Həmin qanun muxtar bölgələrin idman federasiyalarına beynəlxalq yarışlarda birbaşa iştirak imkanı yaradır. Bunun üçün müvafiq beynəlxalq federasiyanın – bu halda UEFA və FİFA-nın razılığı alınmalı, həmçinin həmin idman növünün bölgədə tarixi və sosial kökləri sübut edilməlidir.
Bask Futbol Federasiyası bu məqsədlə bölgədə futbolun əhəmiyyətini təsdiqləyən sənədlər hazırlayıb. Təşkilat yerli klubların tarixini, milli komandanın əvvəlki nailiyyətlərini, eləcə də futbolun ictimai və institusional rolunu ön plana çıxarmağı planlaşdırır.
Bask millisinin mümkün heyətində “Atletik”in hücumçusu Niko Uilyams, “Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendi və qapıçı Unai Simon kimi futbolçular yer ala bilər.
Bu, Baskların beynəlxalq tanınma istiqamətində ilk cəhdi deyil. 2018-ci ilin dekabrında Bask Futbol Federasiyasının Baş Assambleyası birbaşa FİFA və UEFA-ya üzvlük üçün müraciət etmək niyyətini açıqlamışdı. Eyni hədəf 2024–2028-ci illər üzrə Bask hökumətinin proqramında da əksini tapıb.
Lakin UEFA-nın qüvvədə olan qaydaları bu təşəbbüsün qarşısında ciddi maneə yaradır. Qaydalara əsasən, təşkilata yalnız BMT üzvlərinin əksəriyyəti tərəfindən müstəqil dövlət kimi tanınan ölkələrin futbol federasiyaları üzvlük üçün müraciət edə bilər. İspaniyanın tərkibində olan Bask ölkəsi isə bu meyara cavab vermir.
Oxşar problemlə Qrenlandiya da üzləşib. Onun UEFA-ya üzvlük müraciəti də müsbət nəticələnməyib.