Futzal üzrə Azərbaycan millisi DÇ-2028-in əsas mərhələsində 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Püşkü dəyərləndirən baş məşqçi Yevgeni Kukseviç rəqiblərin güclü, lakin keçilməz olmadığını vurğulayıb: “Bizi kifayət qədər iddialı və döyüşkən rəqiblərlə oyunlar gözləyir. Çexiya ənənəvi olaraq yüksək səviyyəli futzala malikdir və hər zaman böyük turnirlərə vəsiqə uğrunda mübarizə aparır. Latviya isə son illərdə ciddi sıçrayış edib. Avropa çempionatının final mərhələsində oynamaları və iddialı komandaları məğlub etmələri onların inkişafından xəbər verir. Lakin bizim də yaxşı heyətimiz var və istənilən nəticəni qazanmağa qadirik. Pley-offa yüksəlmək üçün meydana tam hazır, cəsarətli və yalnız qələbəyə köklənmiş şəkildə çıxmalıyıq”.