“Barselona” “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jezusun transferini rəsmən elan edib. 29 yaşlı forvard Kataloniya klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, “Arsenal” bu keçid üçün 10 milyon avro zəmanətli məbləğ alacaq. Sazişə həmçinin 4 milyon avro potensial bonus və futbolçunun növbəti satışından 20 faiz pay bəndi də daxildir.
8,5 illik İngiltərə karyerasına son qoyan Jezusu 2022-ci ilin iyulunda “Mançester Siti”dən “Arsenal”a keçmişdi. O, London təmsilçisinin heyətində çıxış etdiyi 123 rəsmi matçda 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin braziliyalının “Emireyts”dəki dönəmi zədələrlə kölgələndi. Xüsusən 2025-ci ilin yanvarında çarpaz bağlarının qopması onun təxminən bir il yaşıl meydanlardan kənar qalmasına səbəb oldu. Təcrübəli hücumçu ötən mövsüm “Arsenal”ın çempionluq mübarizəsində 14 matça çıxaraq 3 qol vurdu.
“Arsenal”a qədər 5 il yarım “Mançester Siti”də çıxış edən ulduz futbolçu Pep Qvardiolanın dönəmində 236 oyunda 95 qol vurub, 45 asist edib. O, “şəhərlilər”lə 4 dəfə Premyer Liqa, 1 dəfə İngiltərə Kuboku və 4 dəfə Liqa Kubokunu qazanıb. Avropaya gəlməzdən əvvəl – 2016-cı ildə “Palmeyras”da Braziliya çempionu olub və çempionatın ən yaxşı oyunçusu seçilib.
“Barselona” Jezusun transferi ilə həm rəsmi “doqquzluq” mövqeyində, həm də hər iki cinahda çıxış edə bilən universal hücumçu əldə edib. Futbolçunun dinamikliyi, aqressiv presinq qabiliyyəti və yüksək səviyyəli oyunlardakı təcrübəsi Kataloniya klubunun rəhbərliyinin seçimində əsas faktor olub. Transfer pəncərəsinin son günlərində gerçəkləşən bu keçidlə braziliyalı forvard karyerasında ilk dəfə Braziliya və İngiltərədən kənar bir çempionatda oynayacaq.