Premyer Liqasının IX turunda “Şəfa”nı 2:1 hesabı ilə məğlub edən “Kəpəz” əzmkar qələbə qazanıb. Matçdagedişində hesabda geri düşən Gəncə təmsilçisi son dəqiqələrdə vəziyyəti öz xeyrinə dəyişərək üç xal qazanıb.
Azərbaycan Oyundan sonra mətbuat konfransında çıxış edən “Kəpəz”in baş məşqçisi Azər Məmmədov komandasının çıxışını dəyərləndirib, heyətdəki itkilərdən, kollektivin inkişafından və gələcək hədəflərindən danışıb.
Təcrübəli mütəxəssis matçdan əvvəl ciddi kadr problemləri ilə üzləşdiklərini bildirib. O, ilk hissədə komandasının daha üstün oynadığını və hesabı açmağa yaxın olduğunu vurğulayıb: “Matçdan əvvəl heyətimizdə ciddi itkilər var idi. Buna baxmayaraq, ilk hissədə rəqibdən üstün oynadıq və fasiləyədək hesabı açmağa layiq idik. Lakin rəqib təzyiqi artırdı və ilk qolu vurdu. Bundan sonra taktiki dəyişikliklər etdik. Komandamız xarakter göstərdi, hesabı dəyişdi və sonda layiqli qələbə qazandı”.
Azər Məmmədov komandanın son oyunlarda müsbət dinamika yaxaladığını, lakin hələ görüləsi işlərin çox olduğunu da qeyd edib: “Yaxşı seriya yaxalamışıq, amma arxayınlaşmaq olmaz. Üzərində işləməli olduğumuz məqamlar hələ çoxdur. Çatışmazlıqlarımız olsa da, tədricən istədiyimiz oyunu tapırıq və komandada nəzərəçarpacaq irəliləyiş var. Potensialımız bundan da çoxdur. Qış fasiləsinə qədər bu tempi qoruyub saxlaya bilsək, bunu komandamız üçün böyük uğur hesab etmək olar”. Baş məşqçi “Kəpəz”in daha iddialı hədəflər uğrunda mübarizə aparması üçün maliyyə dəstəyinin vacibliyinə də toxunub. Onun sözlərinə görə, hazırda komanda turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizəyə tam hazır olmasa da, güclü sponsor dəstəyi vəziyyəti dəyişə bilər: “‘Kəpəz” hələlik turnir cədvəlində yüksək yerlər uğrunda mübarizə aparmağa tam hazır deyil. Lakin güclü və etibarlı sponsorumuz olarsa, daha iddialı, böyük hədəfləri olan kollektivə çevrilə bilərik”.