Sentyabrın 16-da İspaniya La Liqasında VI turun növbəti matçları keçirilib. “Atletiko”nun yeni transferi Conatan Devid “Osasuna” ilə matçda da fərqlənərək XXI əsrdə Madrid klubunun heyətində çıxış etdiyi ilk iki rəsmi oyunda qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.
Cəmi 4 dəqiqə sonra “Osasuna” hesabı bərabərləşdirməyə çox yaxın olub. Ancaq matçın baş hakimi Argibidenin vurduğu qolu mübahisəli şəkildə ləğv edərək qonaqları məyus edib.
İkinci hissədə isə Dieqo Simeonenin yetirmələri təşəbbüsü tamamilə ələ alıblar. Əvvəlcə Devidin ötürməsini Li Kan İn qola çevirib, ardından Le Norman künc zərbəsindən sonra başla fərqi üçə çatdırıb. Sonda isə Baena matçda son nöqtəni qoyaraq darmadağını rəsmiləşdirib.
Turun digər qarşılaşmasında “Sevilya” La-Korunya səfərində hesabı açan tərəf olub. İkinci hissənin əvvəlində sol cinahda mərkəz xəttindən reydə başlayan Stassen rəqib cərimə meydançasına daxil olaraq uzaq küncə qüvvətli zərbə endirib. Qapıçı Leo Roman bu zərbənin qarşısını çətinliklə kəssə də, topa ilk çatan Syerra hesabı açıb.
“Deportivo”nun baş məşqçisi hücum xəttini gücləndirmək üçün iki əvəzləmə edib. Ancaq bundan az sonra meydan sahibləri azlıqda qalıblar. Belı ki, “Mançester Siti” və “Roma”nın keçmiş müdafiəçisi Anxelinyo Qalisiya debüt oyununda kobud fola görə meydandan qovulub. Referi əvvəlcə ona sarı vərəqə göstərsə də, VAR müdaxiləsindən sonra qərarını dəyişərək ispaniyalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib.