Dünya çempionatının Fransa və İspaniya arasındakı ilk yarımfinal oyunu “mavi”lər üçün ciddi itki ilə yadda qalıb. Fransanın 25 yaşlı mərkəz müdafiəçisi Vilyam Saliba qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Nüfuzlu “L’Equipe” nəşrinin məlumatına görə, ulduz futbolçu meydanı tərk edərkən komanda yoldaşı Dayot Upamekanoya ağrılarının dözülməz olduğunu deyib: “Daha dözə bilmirəm. Belimdə dəhşətli ağrı var”.
İlkin tibbi müayinələrin nəticələri proqnozların xeyli ciddi olduğunu göstərir. Fransalı müdafiəçinin belindən əməliyyat olunacağı gözlənilir.
Cərrahi müdaxilə reallaşacağı təqdirdə, Salibanın bərpa müddəti 4-5 ay çəkəcək. Bu isə o deməkdir ki, İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” ilin sonuna kimi öz əsas müdafiəçisinin xidmətindən məhrum olacaq.
Hazırda nə Fransa millisi, nə də “Arsenal” klubu futbolçunun son durumu ilə bağlı rəsmi tibbi bəyanat yaymayıb.