Argentina Futbol Assosiasiyası (AFA) yekdil qərarla 15 iyul tarixini rəsmi olaraq “Argentina Milli Komandası Günü” elan edib. Bu tarix təsadüfi seçilməyib. Məhz həmin gün DÇ-2026-nın dramatik yarımfinalında Argentina millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.
Lionel Skaloninin rəhbərlik etdiyi komanda görüşün 85-ci dəqiqəsinədək 0:1 hesabı ilə geridə olsa da, Enso Fernandes və Lautaro Martinesin qısa vaxt ərzində vurduğu qollar sayəsində möhtəşəm geridönüşə imza atmışdı.
Lakin matç təkcə meydandakı hadisələrlə deyil, final fitindən sonra yaşananlarla da dünya gündəminə çevrilmişdi. Argentinalı futbolçular qələbədən sonra meydanda üzərində “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış nəhəng banner açaraq siyasi mesaj vermişdilər.
Məlum olduğu kimi, Argentina ölkə sahillərindən təxminən 300 mil məsafədə yerləşən və Böyük Britaniyanın nəzarətində olan Falklend adalarını “Malvin adaları” adlandırır və onları öz ərazisi hesab edir. Futbolçuların bu addımı Birləşmiş Krallıqda kəskin etirazla qarşılanmış, rəsmi London məsələ ilə bağlı araşdırma aparılması üçün FIFA-ya müraciət etmişdi.
Argentina Prezidenti Xavyer Miley isə futbolçuların addımını açıq şəkildə dəstəkləyib: “Futbolçularımızın açdığı banner tamamilə doğru addım idi və bütün Argentina xalqının hisslərini ifadə edirdi. FIFA-nın federasiyamıza maliyyə sanksiyası tətbiq edəcəyini gözləyirik. Amma bu, həqiqəti dəyişmir”.
AFA-nın rəsmi bəyanatında da bildirilib ki, 15 iyul tarixinin “Argentina Milli Komandası Günü” elan olunması məhz DÇ-2026-nın yarımfinalında qazanılan tarixi qələbənin əbədiləşdirilməsi məqsədi daşıyır.
Assosiasiyanın açıqlamasına əsasən, yeni təsis edilən bu rəsmi gün yalnız kişilərdən ibarət əsas milli komandaya şamil olunmur. Qərar ölkəni beynəlxalq yarışlarda təmsil edən bütün yığmaları -qadın, gənclər, futzal və çimərlik futbolu millilərini də əhatə edir.
AFA bildirib ki, bu təşəbbüsün əsas məqsədi hər gün Argentina bayrağını beynəlxalq arenada qürurla təmsil edən bütün idmançılara ehtiram göstərməkdir. İngiltərə üzərindəki möhtəşəm geridönüş isə bu birlik və milli qürurun ən parlaq rəmzi kimi tarixə düşüb.