Argentina, şübhəsiz ki, dünya çempionluğu uğrunda mübarizənin əsas favoritlərindən biridir. Qətər-2022-nin çempionları hələ qrup mərhələsində nümayiş etdirdikləri parlaq hücum futbolu ilə iddialarını ortaya qoymuşdular. Komandanın ulduzu Lionel Messi isə üç oyunda vurduğu altı qolla əla formada olduğunu çoxdan sübut etmişdi. “Albiseleste”nin pley-offda uzağa gedəcəyinə heç kim şübhə etmirdi. Lakin elə ilk sınaqdaca – 1/16 finalda çempionlar ciddi müqavimətlə qarşılaşdılar.
Oyunun startında son dünya çempionları rəqibin sıx müdafiəsini yarmaq üçün bir qədər astagəl görünürdülər. Bununla belə, 20-ci dəfə səhnəyə çıxan Lionel Messinin 29-cu dəqiqədə ötürməni qola çevirməsi ilə buzlar əridi.
İkinci hissədə “albiseleste”nin başına nə gəldiyi isə hələ də qaranlıq qalır. Rəqibi düzgün qiymətləndirməmək, yorğunluq, yoxsa taktiki geri çəkilmə? Səbəb nə olursa olsun, Kabo-Verde futbolçuları tempin düşməsindən maksimum yararlandılar və 59-cu dəqiqədə Deroy Duartenin sayəsində tarazlığı bərpa etdilər. Bundan sonra qapıçı Vozinya və onun cəsur komanda yoldaşları əsas vaxtın sonuna qədər bərabərliyi qoruya bildilər. Lakin əlavə vaxtın 2-ci dəqiqəsində standart vəziyyətdən sonra Lisandro Martines Argentinanı yenidən önə keçirdi.
Kabo-Verdenin bu qola cavabı isə gecikmədi. Cəmi 11 dəqiqə sonra Sidni Lopeş Kabral cərimə meydançasının küncündən topu uzaq “doqquzluğ”a göndərərək DÇ-2026-nın bəlkə də ən gözəl qoluna imza atdı və kiçik ada dövlətini yenidən oyuna qaytardı.
Matçın bitməsinə doqquz dəqiqə qalmış Argentina növbəti standart vəziyyətdən sonra rəqibin avtoqolu sayəsində qələbə topunu vurdu. Bu qoldan sonra qarşılaşmanın son dəqiqələri əsl trillerə çevrildi. Hesabı bərabərləşdirmək üçün irəli atılan Kabo-Verde futbolçuları Argentina qapıçısı Emiliano Martinesi sözün əsl mənasında topa tutdular. “Dibu” ardıcıl bir neçə möcüzəvi seyvlə komandasını mütləq qoldan xilas etsə də, dünya çempionları son saniyələrdə meydanda sanki panika içində müdafiə olunurdular. Dəhşətli fiziki gərginlikdən hər iki komandanın oyunçuları meydanda qıcolmalar keçirir, lakin dram son fitə qədər səngimək bilmirdi.
Bu, dünya çempionatlarının tarixinə düşəcək əsl klassik oyun idi: David Qoliafa qarşı, əlavə vaxtda vurulan üç qol, turnirin ən gözəl şedevrlərindən biri və Lionel Messinin növbəti rekordu!
Argentina millisinin kapitanı dünya çempionatlarında 20-ci, ABŞ-dakı turnirdə isə 7-ci qolunu vuraraq bombardirlər yarışında yenidən təkbaşına liderliyə yüksəldi. Böyük itkiyə baxmayaraq, Kabo-Verde DÇ-2026-da göstərdiyi bu oyun və xarakterlə turniri başıuca tərk edir.
DÇ-2026, 1/16 final
Argentina – Kabo-Verde 3:2
Qollar: Messi, 29 (1:0); D. Duarte, 59 (1:1); L. Martines, 92 (2:1); Lopeş Kabral, 103 (2:2); Diney Borjes, 111 (avtoqol, 3:2).
Baş hakim: Fişer (Kanada).
Argentina: E. Martines, L. Martines, Romero, Medina (Talyafiko, 85), Molina (Montiel, 104), Makallister, Fernandes, Almada (Alvares, 63), de Paul (Paredes, 84), Messi, L. Martines (Qonsales, 63).
Kabo-Verde: Vozinya, Diney Borjes, Lopeş, Lopeş Kabral, Moreyra, Lenini (Y. Semedu, 100), D. Duarte (Benşimol, 100), L. Duarte (Monteyru, 67), Kabral (Varela, 80), Mendeş da Qrasa (V. Semedu, 80), Da Koşta (Livramento, 67).
Xəbərdarlıqlar: Montiel (115) – Lenini (68).
Stadion: Hard Rock Stadium (Mayami, ABŞ).