Ukraynalı mütəxəssis Yuri Maksimov məşqçilik fəaliyyətinə qayıtmağa hazırlaşır.
57 yaşlı məşqçi yaxın günlərdə “Araz-Naxçıvan”a rəhbərlik edəcək. Bu barədə Ukraynanın “TaToTake” nəşri məlumat yayıb.
Bildirilib ki, Maksimov Naxçıvan klubunun təklifini qəbul edib.
Maksimov ölkə futboluna tanış simadır. O, 2017–2018-ci illərdə “Keşlə”yə rəhbərlik edib və paytaxt klubunu Azərbaycan Kubokunun qalibi edib.
Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu karyerası ərzində “SK Dnepr-1”, “Krivbass”, “Taraz”, eləcə də bir sıra digər klublarda baş məşqçi kimi çalışıb. Onun son iş yeri “Vorskla” olub. Maksimov 2025-ci ilin yayında Poltava klubundan ayrılıb. Mütəxəssis 2019/20 mövsümündə “Vorskla”nı Ukrayna Kubokunun finalına çıxarıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”a digər ukraynalı mütəxəssis Andrey Demçenko rəhbərlik edib. Komanda ötən mövsüm Azərbaycan Premyer Liqasını 6-cı pillədə başa vurub.