Andrey Demçenkonun “Araz-Naxçıvan” etirafları: “Təyyarəni uçuş zamanı təmir etdik”

26.05.26 | 15:10
Ölkə futbolu

2026-cı ilin əvvəlində “Araz-Naxçıvan”ın sükanı arxasına keçən ukraynalı mütəxəssis Andrey Demçenkonun komandadan ayrılacağı barədə xəbərlər mediasında geniş müzakirə olunur. 49 yaşlı çalışdırıcının rəhbərliyi altında Naxçıvan təmsilçisi 17 matçda 20 xal toplayaraq Premyer Liqanı altıncı pillədə başa vurub.

Sport-express.ua saytının əməkdaşı Vladislav Lyutostanski Andrey Demçenko ilə müsahibəsində mütəxəssisin ölkəmizdəki karyerasının gələcəyini və Yuriy Vernidubun “Neftçi”dəki uğurlu gedişatını müzakirə edib.

– Andrey Anatolyeviç, mediada “Araz-Naxçıvan”la yollarınızı ayıracağınız barədə məlumatlar yayılıb. Bu informasiya nə dərəcədə həqiqəti əks etdirir?

– Hələlik klubdan ayrılmağımla bağlı yüz faizli bir qərar yoxdur. Onu təsdiq edə bilərəm ki, müqaviləm mayın 31-nə qədərdir və “plus bir il” şərti var. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Klub prezidenti əməkdaşlığın davam edib-etməyəcəyinə dair qərar qəbul etməlidir.

Vəziyyət sadədir: komandaya gələndə qarşımıza qoyulan əsas hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Təəssüf ki, biz bu tapşırığın öhdəsindən gələ bilmədik. Buna görə də, son qərar rəhbərliyindir. Düşünürəm ki, yaxın günlərdə hər şey aydınlaşacaq.

– Sizcə, komandaya avrokubok zonasına düşməsinə nə mane oldu? Əsas çətinliklər nədən ibarət idi?

– Bilirsiniz, komandanı başqa məşqçidən sonra qəbul edib yenidən qurmaq həmişə çətindir. Biz faktiki olaraq uçuş zamanı təyyarəni təmir etməyə çalışırdıq. Bu, çox mürəkkəb, lakin qeyri-mümkün olmayan bir prosesdir.

Üz-üzə qaldığım əsas problem oyunçuların baza futbol təhsili oldu. Biz komandaya müasir, intensiv futbolun prinsiplərini aşılamağa və fərqli bir oyun üslubu formalaşdırmağa çalışdıq. Lakin təcrübədə bu, düşündüyümdən daha çətin alındı. Məşqçilik karyeramda adətən komandanı “kökləmək” üçün bir ay, bir ay yarım bəs edirdi, burada isə dörd ay vaxt lazım oldu.

– Amma sonradan işlər qaydasına düşdü, elə deyilmi?

– Yalnız son üç turda futbolçuların tələb etdiyimiz oyun fəlsəfəsini tam anladığını və meydanda tətbiq etdiyini gördüm. Buna qədər proses çox ağır gedirdi. Lakin çempionatın sonunu keyfiyyətli keçirdik: bir oyunda məğlub olsaq da, son iki matçda qələbə qazandıq və orada artıq istədiyimiz müasir futbolun əlamətləri görünürdü.

Digər nüans yaş faktoru idi. Heyətimiz bir qədər yaşlıdır, futbolçuların yarısından çoxunun yaşı 30-u keçib. Gənclər meydanda daha çox fiziki güc, sürət və dözümlülük nümayiş etdirir. Təcrübəli oyunçularla iş isə tamamilə fərqli yanaşma tələb edir. Məhz bu resurs çatışmazlığı hədəfə çatmağımıza mane oldu.

– Mətbuatda “Araz-Naxçıvan”ın növbəti mövsüm üçün büdcəni demək olar ki, iki dəfə azaldacağı barədə iddialar var. Bu barədə məlumatınız varmı?

– Büdcə məsələsi haqqında heç nə deyə bilmərəm. Bütün maliyyə məsələləri birbaşa klub prezidentinin səlahiyyətindədir, mən bu rəqəmlərdən xəbərdar deyiləm. Hər hansı qərar qəbul edilərsə, danışıqlar masasına oturub gələcək planları müzakirə edəcəyik. Hələlik şərh veriləcək bir məqam yoxdur.

– Şəxsi ambisiyalarınız barədə nə deyə bilərsiniz? Azərbaycan futbolunda işləməyə davam etmək istəyiniz var?

– Belə deyim: həm bu klubda, həm də ümumiyyətlə Azərbaycanda çalışmaq mənim üçün maraqlıdır. Burada karyeramı davam etdirmək üçün böyük perspektiv görürəm. Azərbaycan Premyer Liqası çox güclü və gözlənilməz çempionatdır, komandalarda ciddi və savadlı məşqçi korpusu işləyir.

Yerli klublar mütəmadi olaraq avrokuboklarda çıxış edərək solid futbol nümayiş etdirirlər. Mütəxəssis kimi bu, mənim üçün peşəkar inkişaf və sağlam rəqabət mühiti üçün əla meydançadır. Burada qalmağın və inkişaf etməyin mənası böyükdür.

– Azərbaycan futbolu uzun müddət ukraynalı azarkeşlər üçün qapalı qutu idi. Lakin “Qarabağ”ın Çempionlar Liqasındakı parlaq çıxışı və milli komandalarımızın qarşılaşmaları səviyyənin yüksək olduğunu göstərdi. Üstəlik, bu il “Sabah” “Qarabağ”ı geridə qoyaraq çempion oldu. Sizcə, bu uğurun sirri nədir?

– Bu, Azərbaycandakı yüksək rəqabətin sübutudur. “Sabah”ın çempionluğu tamamilə haqlı idi, bunu mübahisələndirməyə ehtiyac yoxdur. Onlar bütün çempionat boyu çox stabil çıxış etdilər və ölkə kubokunu da qazandılar. Hazırda oyun keyfiyyəti və struktur baxımından Azərbaycanda ən güclü komanda “Sabah”dır. “Qarabağ” isə bu mövsüm həm daxili arenada, həm də avrokuboklarda öz sinfini təsdiqlədi.

– Digər aktual mövzu isə “Neftçi”dir. Mövsüm ərzində komandanı ukraynalı Yuriy Vernidub qəbul etdi və kollektiv ciddi yüksəliş nümayiş etdirərək avrokubok zonasına daxil oldu. Həmvətəninizin işini necə qiymətləndirirsiniz?

– Onun üçün çox şadam! Mən Zaporojyedənəm, Vernidub da bu şəhər üçün yad adam deyil (Yuriy Vernidub vaxtilə Zaporojye “Metallurq”unda oynayıb və çalışdırıb – red.). Məşqçi və rəqib kimi, mövsüm ərzində onlara uduzmaq mənim üçün xoş deyildi, daha yaxşı çıxış etmək istərdim. Amma futbol budur: biri qazanır, digəri uduzur.Yuriy Nikolayeviç fantastik nəticə əldə etdi. O, oyunçulara düzgün yanaşma tapdı, komandanın “kilidini” açmağı bacardı. Böhran içində olan və turnir cədvəlinin aşağı pillələrində yer alan “Neftçi”ni qəbul edib avrokuboklara daşımaq böyük hörmətə layiq bir işdir

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41