Kanada və Meksikanın ardınca üçüncü ev sahibi də 1/8 finala vəsiqə qazandı. Maurisio Poçettinonun komandası oyuna çətin daxil oldu. Lakin ilk hissənin ortalarından etibarən amerikalılar hərəkətliliyi artırdılar və rəqib qapısı önündə mütəmadi təhlükəli vəziyyətlər yaratmağa başladılar. Oyunun təxminən 30-cu dəqiqəsində Folarin Baloqan topu Balkan təmsilçisinin qapısından keçirsə də, ofsayd səbəbindən qol qeydə alınmadı. Bununla belə, ilk hissənin sonlarında “ulduzlu-zolaqlılar”ın hücumçusu qaydalara uyğun şəkildə Nikola Vasilin qoruduğu qapını dəqiq nişan aldı. Fasiləyə az qalmış Baloqanın dubl etmək üçün əla imkanı olsa da, “Monako”nun forvardı topu qapı tirinə göndərdi.
İkinci hissədə isə Baloqan matçın əsas qəhrəmanından potensial antiqəhrəmanına çevrildi. Amerikalı hücumçu Nihad Muharemoviçə qarşı kobud qayda pozuntusuna yol verdiyi üçün qırmızı vərəqə aldı və komandasını azlıqda qoydu. Bosniyalılar say üstünlüyünü reallaşdırmaq üçün yarım saatdan çox vaxta malik olsalar da, rəqib qapısı qarşısında ciddi təzyiq yarada bilmədilər. Üstəlik, azlıqda oynayan meydan sahibləri matçın son hissəsində hesab arasındakı fərqi artırmağa nail oldular. Malik Tillman cərimə zərbəsini mükəmməl yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.
Beləliklə, ABŞ millisi layiqli olaraq 1/8 finala yüksəldi və burada Belçika yığması ilə qarşılaşacaq. Şübhəsiz ki, turnirin ev sahiblərinin qarşıdakı oyunda uğur qazanmaq şansları yüksəkdir. Lakin Baloqanın yoxluğu Poçettinonun komandasının hücum potensialını nəzərəçarpacaq dərəcədə azaldır.
Dünya Kuboku, 1/16 final
ABŞ – Bosniya 2:0
Santa-Klara. «Livays Stedium». 68827 tamaşaçı.
Hakim: Rafael Klaus (Braziliya)
ABŞ: Fris, Frimen, Riçards, Rim, Robinson, Tilman, Dest (Berhalter, 87), Adams, Makkenni (Reyna, 90+5), Pulişiç (Pepi, 88), Baloqan.
Bosniya: Vasil, Dediç, Katiç (Memiç, 75), Kolaşinats (Tabakoviç, 75), Radeliç, Muharemoviç, Şuniç (Tahiroviç, 51), Qiqoviç (Mamiç, 51), Alaybeqoviç, Demiroviç, Ceko (Bayraktareviç, 51).
Qollar: Baloqan, 45. Tillman, 82.
Sarı vərəqə: Radeliç, 80.
Qırmızı vərəqə: Baloqan, 64.