Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Zirə”yə məğlub olaraq (0:2, ilk oyun – 0:0) turnirlə vidalaşan “Sumqayıt”da sular durulmur. Matçın yekununda “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev komandanın nümayiş etdirdiyi oyundan kəskin narazılığını bildirib.
Deyilənə görə, final fitindən dərhal sonra paltardəyişmə otağına yollanan klub rəhbəri futbolçularla olduqca sərt və kəskin tonda danışıb. Rəfiyevin komandanın çıxışını tənqid edərkən emosiyalarını cilovlaya bilmədiyi, hətta bəzi məqamlarda təhqiramiz ifadələrə yol verərək narazılığını ifadə etdiyi bildirilir.
“Sumqayıt”ın son göstəriciləri həqiqətən də narahatlıq doğurur. Fevraldan bəri qələbəyə həsrət qalan “Sumqayıt”, keçirdiyi 6 rəsmi oyunda 4 məğlubiyyət və 2 heç-heçə alaraq, cəmi 2 qol vurmaqla hücum xəttindəki acizliyini nümayiş etdirib.
Cəmi 2 qol – bu, “Sumqayıt” kimi hücum potensialı olan bir komanda üçün fəlakətli rəqəmdir. Komanda meydanda nəinki nəticə qazana bilmir, hətta hücum qurmaqda və rəqib qapısına yol tapmaqda ciddi çətinlik çəkir.
“Zirə” ilə ilk oyundakı 0:0 hesablı bərabərlik azarkeşlərdə ümid yaratsa da, cavab matçındakı zəif performans bu ümidləri puç etdi. Riad Rəfiyevin bu kəskin reaksiyasından sonra klubda ciddi islahatların, bəlkə də baş məşqçi postunda dəyişikliyin və ya futbolçulara tətbiq olunacaq ağır cərimələrin şahidi ola bilərik.”Gənclik şəhəri” təmsilçisinin bu böhrandan necə çıxacağı isə yaxın günlərdə bəlli olacaq. Bir şey dəqiqdir: “Sumqayıt”da artıq heç kimin yeri zəmanətli deyil.