“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki tarixi oynunun hakimləri bəlli olub. Yanvarın 28-də İngiltərənin məşhur “Enfild” stadionunda keçiriləcək “Liverpul”la matçı Slovakiya təmsilçilərindən ibarət hakimlər briqada idarə edəcək. UEFA-nın qərarına əsasən, qarşılaşmanın baş hakimi İvan Krujlyak olacaq. 41 yaşlı referiyə yan xəttdə həmyerliləri Branislav Hancko və Yan Pozor kömək edəcək. Ehtiyat hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
İvan Krujlyak bu mövsüm “Qarabağ”ın oyununa artıq ikinci dəfə təyinat alır. O, ağdamlıların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə Skopyedəki ilk görüşünü idarə etmişdi. Həmin matçın “Qarabağ”ın minimal hesablı qələbəsi ilə bitməsi, azarkeşlərdə bu hakimin komandamız üçün “düşərli” olması təəssüratını yaradıb.
Bu oyun hər iki komanda üçün həlledici əhəmiyyət kəsb edir. “Qarabağ” hazırda 10 xalla 18-ci pillədə qərarlaşıb və pley-off mərhələsinə vəsiqəni təmin etmək üçün bu oyundan xalla ayrılmağa çalışacaq. “Liverpul” isə 15 xalla 4-cü yerdədir və birbaşa 1/8 finala yüksəlmək üçün qələbə hədəfləyir.
Qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da start götürəcək.