Türkiyə Superliqasında “Beşiktaş”la oyunda mövsümdə ilk qolunu vuran “Konyaspor”un hücumçusu Enis Destanın anası Gül Destanın açıqlaması gündəm olub. O, oğlunun komanda yoldaşları tərəfindən meydanda yetərincə dəstəklənmədiyini iddia edib.
“Beşiktaş”la qarşılaşmada komandasının ikinci qoluna imza atan 24 yaşlı futbolçunun çıxışını dəyərləndirən Gül Destan sosial şəbəkədə paylaşım edərək “Konyaspor”un digər oyunçularını tənqid edib.
O, oğlunun daha çox topla təmin olunacağı təqdirdə qol imkanlarından daha yaxşı yararlana biləcəyini bildirib: “Canım oğlum, səni daha çox topla təmin etsələr, daha gözəl qollar vuracağına əminəm. Amma qol vuracağını bildikləri üçün sənə ötürmə vermir, səni topla təmin etmir, cinahlardan orta açmırlar. Xüsusilə ilk hissədə başla qol vuracağını bildikləri üçün topu yerdən ötürürlər. Bunu həzm edə bilmirlər, məsələ budur”. Gül Destanın bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Beləliklə, Enis Destanın mövsümdə ilk qol sevinci ilə yadda qalan qarşılaşma futbolçunun anasının komanda yoldaşlarına yönəltdiyi ittihamlarla da gündəmə gəlib.