“Real”ın baş məşqçisi Joze Mourinyo “Vilyarreal”ın futbolçusu Santi Komesanyanın hakimlərin “Barselona” və Madrid klubuna daha çox kömək etməsi ilə bağlı fikirlərinə sərt reaksiya verib.
Komesanya həftəsonu “Barselona”ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra kataloniyalıların və “Real”ın hakimlər üzərində böyük təzyiq yaratdığını, bunun da onlara müəyyən üstünlük qazandırdığını iddia etmişdi.
Mourinyo bu gün keçirilən mətbuat konfransında futbolçunun açıqlamasına belə cavab verib: “Görünür, onda yaddaş problemi var. Biz “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edəndə Vinisius qırmızı vərəqə almışdı. O, bizi necə “Barselona” ilə eyni sıraya qoya bilər? Yaxşı, bunu deyə bilər, amma Neqreyra işi məsələsində bizi onlarla bir tutmayın”.
Neqreyra işi İspaniya futbolunun ən böyük qalmaqallarından biridir. Araşdırmanın mərkəzində “Barselona”nın 17 il ərzində İspaniya Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya milyonlarla avro ödəməsi dayanır.
Kataloniya klubu bu vəsaitin hakimlərin fəaliyyətinin təhlili və məsləhət xidmətləri üçün verildiyini bildirir. İspaniya hüquq-mühafizə orqanları isə ödənişlərin klubun hakim qərarları ilə bağlı hər hansı üstünlük əldə etməsinə xidmət edib-etmədiyini araşdırır. “Real” rəhbərliyi dəfələrlə bu məsələyə görə “Barselona”nı tənqid edib və mümkün korrupsiya hallarına diqqət çəkib. Araşdırma hələ də davam edir.