Argentina millisinin sabiq kapitanı Lionel Messi ölkəsinin Futbol Federasiyasına (AFA) qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. 39 yaşlı futbolçu federasiyanın onun adı, fotosu və görüntülərindən kommersiya məqsədilə istifadəsini qadağan etdirmək istəyir.
Argentinanın “Clarín” nəşrinin məlumatına görə, Messinin AFA rəhbərliyi, xüsusilə də qurumun prezidenti Klaudio Tapia ilə münasibətləri ciddi şəkildə pisləşib. Bildirilir ki, futbolçu artıq hüquqşünaslarını işə cəlb edərək federasiyaya rəsmi müraciət hazırladıb. Bununla belə, sənədin AFA-ya göndərilib-göndərilmədiyi hələ dəqiqləşməyib.
Messinin narazılığının əsas səbəblərindən biri son dünya çempionatı zamanı onun görüntülərindən Argentina pivə brendinin reklamında istifadə olunmasıdır. Halbuki futbolçunun ABŞ-ın “Michelob” şirkəti ilə sponsorluq müqaviləsi var. AFA-nın razılığı ilə yayımlanan reklam Messinin nümayəndələrini öz kommersiya tərəfdaşlarına izahat vermək məcburiyyətində qoyub. Nəşr yazır ki, belə hallar bir neçə dəfə təkrarlanıb.
Münasibətlərin gərginləşməsinə AFA prezidenti Klaudio Tapia və federasiyanın xəzinədarı Pablo Tovixino ilə bağlı maliyyə maxinasiyaları şübhələri də təsir göstərib. Messi bu qalmaqalların şəxsi nüfuzuna və kommersiya müqavilələrinə zərər vurmasını istəmir.
Futbolçunun narazılığına səbəb olan digər məqam oktyabrda Argentina millisindəki vida matçının təşkili olub. Benin yığması ilə “Monumental” stadionunda keçirilən görüşdə səs sistemi, işıqlandırma və dron şousunda problemlər yaşanıb. Vida mərasimi zamanı sponsor reklamlarının nümayişi də tənqidlərə səbəb olub.
Messi Argentina millisində 20 ildən artıq çıxış edib, 2022-ci ildə dünya çempionu, iki dəfə isə Amerika kubokunun qalibi olub. Hazırda “İnter Mayami”də çıxış edən futbolçu və AFA prezidenti Tapia mümkün məhkəmə iddiası ilə bağlı hələlik açıqlama verməyiblər.