Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunu keçirilib. Bakı Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada “Landau Lions” “Gəncə” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 85:62 (24:12, 24:19, 19:14, 18:17) hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində De’Andre Cekson 24 xalla matçın ən məhsuldar basketbolçusu olub.
Görüşdən sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.
“Landau Lions”un çalışdırıcısı Erhan Tokar sıx oyun qrafikinə baxmayaraq, komandasının qələbə üçün əlindən gələni etdiyini bildirib: “Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmaq üçün çalışdıq. Müdafiədə yaxşı çıxış etdik və son üç oyunda buraxdığımız səhvləri aradan qaldırdıq. Hücumda da uğurlu oynadıq. Bu cür davam etsək, daha çox qələbə qazana bilərik. Heyətlə bağlı problemlərimiz var, amma işimizi davam etdirməliyik. Basketbolçular oyunlardan deyil, uzun uçuşlardan yorulurlar”.
“Gəncə”nin baş məşqçisi Murat Dikmen isə fasiləyə qədər komandasının istənilən səviyyədə çıxış etmədiyini vurğulayıb: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, fasiləyə qədər lazımi oyunu göstərə bilmədik. Fasilədən sonra komandam reaksiyasını ortaya qoydu, lakin hesab arasındakı fərqi azaltmaq çətin idi. Daha çox çalışmalıyıq”.
VII turun əvvəlki görüşündə “Sabah” “Neftçi”ni 93:78 hesabı ilə məğlub edib.
Turun son iki oyunu noyabrın 16-da keçiriləcək:
16 noyabr
19:00 NTD – “Naxçıvan” (Bakı İdman Sarayı)
19:00. “Sumqayıt” – “Ordu” (Sumqayıt Olimpiya İdman Kompleksi)