Konrad Fünfştük komandasının yalnız müdafiəyə köklənməyəcəyini, rəqibə qarşı cəsarətli futbol oynamağa çalışacağını bildirib.
Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük Millətlər Liqasının D2 qrupunda Azərbaycan yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini gözlədiyini, lakin komandasının problemlərə deyil, onların həllinə fokuslandığını bildirib: “Problemlər üzərində daim dayanmağın mənası yoxdur. Mən həll yolları axtarmağa üstünlük verirəm. Məşqçilər korpusunun əsas vəzifəsi futbolçuları qarşıdakı oyuna mümkün qədər yaxşı hazırlamaqdır. Daha sonra oyunçular meydana həvəs və özünəinamla çıxmalıdırlar”, – deyə Fünfştük mətbuat konfransında bildirib.
Baş məşqçi Lixtenşteynin Azərbaycanla matçda yalnız müdafiə olunmaq niyyətində olmadığını da vurğulayıb. Onun sözlərinə görə, son oyunlarda komandanın uğurlu çıxışında cəsarətli futbol mühüm rol oynayıb. İlk görüşdə də Azərbaycan millisinin Lixtenşteynin oyun tərzi qarşısında çətinlik çəkdiyi anlar olub.
“Belə fürsətləri yenidən axtarmalı və onlardan istifadə etməyə çalışmalıyıq. Bununla belə, bizi asan oyun gözləmir”, – deyə mütəxəssis qeyd edib.
Fünfştük komandasının inkişafından və gənc futbolçuların heyətə inteqrasiyasından da razılığını ifadə edib. O, diqqəti digər yığmalarla müqayisəyə deyil, öz komandalarının irəliləyişinə yönəltmək istədiyini bildirib. Baş məşqçi son dörd oyunda cəmi 6 qol buraxmalarını və Azərbaycanla səfər matçında bir xal qazanmalarını müsbət göstəricilər kimi dəyərləndirib.
“Yaxşı bacardığımız məqamları ön plana çıxarmalıyıq”, – deyə Fünfştük vurğulayıb.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan qarşılaşması bu gün Vaduzdakı “Raynpark” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.