AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının məlumatına görə, iclasda II Liqanın 10-cu turunun oyunlarında baş verən qayda pozuntularına görə bir sıra klubların ümumilikdə 2910 manat cərimələnməsi qərara alınıb.
Ən ağır cəza “Şəmkir”ə verilib. Komandanın futbolçusu Fuad Əhmədovun hakimləri təhqir etməsi klubun 1000 manat cərimələnməsi ilə nəticələnib. Futbolçu özü isə növbəti 4 oyunu buraxacaq.
Eyni səbəbdən “Difai” klubunun məşqçisi Əli Hüseynov da 4 oyunluq diskvalifikasiya edilib. Klub 1000 manat cərimə ödəməli olacaq.
Bundan başqa, Premyer Liqada çıxış edən bir neçə klub əvəzedici komandaların çempionatının 9-cu turunda baş verən qayda pozuntularına görə ümumilikdə 340 manat cərimələnib.
Beləliklə, AFFA İntizam Komitəsinin qərarları əsasında klublara tətbiq olunan ümumi cərimə məbləği 3250 manat təşkil edib.