Dortmund «Borussiya»sı azarkeşlərin diqqətini oyuna yönəltmək və tribunadakı atmosferi daha da canlandırmaq üçün fərqli bir layihəyə imza atıb. Almaniya klubu bu həftəsonu keçiriləcək matçda azarkeşlər üçün maraqlı şərtlər təklif edən yeni aksiyanı sınaqdan keçirəcək.
Müasir futbolda fanatların matç əsnasında diqqətlərini mobil telefonlara ayırması bir çox klubların narahatlığına səbəb olur. «Borussiya» da bu problemi aradan qaldırmaq məqsədilə kluba sponsorluq edən «Vodafone» şirkəti ilə birgə xüsusi texniki həll yolu hazırlayıb.
Sözügedən layihə ilk dəfə şənbə günü «Ayntraxt»a (Frankfurt) qarşı keçiriləcək qarşılaşmada tətbiq olunacaq. Aksiyanın şərtlərinə əsasən, matç zamanı mobil telefonunun ekranını kilidli saxlayan azarkeşlər xüsusi xallar toplayacaqlar. Ən çox xal yığan müəyyən sayda azarkeş klubun mağazasından hədiyyə kartları və futbolçuların imzası olan xüsusi formalar qazanmaq şansı əldə edəcək.
Proses klubun rəsmi tətbiqinə əlavə olunmuş «Azarkeş rejimi» (Fan Mode) funksiyası vasitəsilə həyata keçiriləcək. Sistem mobil telefon ekranının matç boyunca neçə dəqiqə bağlı qaldığını hesablayaraq qalibləri müəyyən edəcək.
«Borussiya»nın baş icraçı direktoru Karsten Kramer klubun rəsmi saytına açıqlamasında bu təşəbbüsün əsas məqsədini belə izah edib: «Stadiondakı 81 mindən çox insanın eyni anda mahnı oxuması, sevinməsi və həyəcanla nəfəsini dərməsi… Bu anları təkrar yaşamaq qeyri-mümkündür. Biz məhz bu unikal hissi və atmosferi yenidən hamılıqla birlikdə yaratmaq istəyirik».