Almaniyanın “Sport Bild” nəşrinin məlumatına görə, Dortmund “Borussiya”sının futbolçuları “Sabah”la Çempionlar Liqasının əsas mərhələsində keçirilən oyundan sonra Bakı Olimpiya Stadionunun duşlarından istifadə etməyiblər. Almaniya klubunun bu qərarı stadionun duş otaqlarının vəziyyəti ilə bağlı suallar yaradıb.
Nəşr yazır ki, Dortmund təmsilçisinin futbolçuları hətta bazar ertəsi keçirilən son məşqdən sonra da stadionda duş qəbul etməyiblər. Komandanın baş məşqçisi Niko Kovaç matçdan sonra bunun səbəbini açıqlayıb.
“Dünən məşqdən sonra da burada duş qəbul etmədik. Bizə burada yox, oteldə duş qəbul etməyimiz deyildi. Buna görə də tez bir zamanda otelə qayıtdıq”, – deyə Kovaç bildirib.
Klubun idman direktoru Ole Buk da məsələ ilə bağlı danışıb. O, stadiondakı duş otaqlarını komandanın otelindəki şəraitlə müqayisə edərək belə deyib: “Düşünürəm ki, oteldəki duş otaqları bir qədər daha cəlbedici idi. Buna görə futbolçuların ora daha tez çatmasına çalışırıq”.
Jurnalistlər əlavə açıqlama istədikdə Buk fikrini daha açıq ifadə edib: “Daha cəlbedici. Yəqin nəyi nəzərdə tutduğumu təsəvvür edə bilərsiniz. Buradakı duş otaqları o qədər də yaxşı deyil”.
“Sabah”ın hücumçusu Coy-Lens Mikels isə almanların bu qərarına təəccübləndiyini bildirib. O, “Sky” telekanalına açıqlamasında Bakı Olimpiya Stadionundakı şəraitlə bağlı iradının olmadığını vurğulayıb: “Problemin nədən ibarət olduğunu bilmirəm. ‘Borussiya’ya qarşı heç bir ittiham irəli sürmək istəmirəm. Biz cəmi bir həftə əvvəl Praqa ‘Slaviya’sı ilə oyundan qabaq burada duş qəbul etmişdik. Duşlar əladır, soyuq su da yoxdur”.
“Sport Bild” qeyd edir ki, stadiondakı duş otaqları zahirən təmiz və səliqəli görünür. Fotolarda da hər hansı aşkar qüsur nəzərə çarpmır. Bu səbəbdən Dortmund klubunun qərarı “Sabah”ın düşərgəsində və azarkeşlər arasında təəccüb doğurub.
Nəşrin BILD-ə istinadən yaydığı məlumata görə, “Borussiya”nın qərarının mümkün səbəblərindən biri legionella bakteriyası ilə bağlı ehtiyat tədbirləri olub. Bildirilir ki, klub su borularında suyun müntəzəm dövr etməməsi nəticəsində bakteriyaların yaranması və yayılması ehtimalını nəzərə alaraq riskə getmək istəməyib. Legionella bakteriyası ilə çirklənmiş suyun duş zamanı əmələ gələn xırda damcılarının nəfəs yolu ilə orqanizmə daxil olması sağlamlıq üçün təhlükə yarada bilər.
Məlumata görə, Dortmund klubu futbolçular üçün komandanın qaldığı oteldəki spa zonasını da əvvəlcədən rezervasiya edib. Məqsəd matçdan sonra oyunçuların mümkün qədər tez otelə qayıtması, bərpa prosesinə başlaması və son günlərdəki səfərlərin yaratdığı yorğunluğu azaltmaq olub.
Beləliklə, “Borussiya” futbolçuları stadiondan duş qəbul etmədən ayrılaraq bu proseduru oteldə həyata keçirməyə üstünlük veriblər. Bununla belə, legionella ilə bağlı narahatlıq klubun qərarının mümkün izahı kimi təqdim olunur və stadionun su sistemində bakteriyanın aşkarlandığını təsdiqləyən məlumat deyil.