UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda “Sabah”a 2:1 hesabı ilə qalib gələn Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç matçdan sonra mətbuat konfransında iştirak edib. Xorvatiyalı mütəxəssis həm qələbəni dəyərləndirib, həm də təmsilçimizin nümayiş etdirdiyi oyuna yüksək qiymət verib.
Qazanılan 3 xalın əhəmiyyətini vurğulayan Kovaç, komandasının hücum xəttindəki effektivliyini xüsusi qeyd edib: “Bizim üçün son dərəcə vacib qələbə oldu. Təbii ki, nümayiş etdirdiyimiz oyundan və nəticədən razıyam. Qarşımızda çox təhlükəli və güclü rəqib var idi. Əlimizə düşən əsas imkanlardan maksimum yararlana bildik. Futbolçularım müdafiədə də intizamlı çıxış edərək rəqibə artıq boşluqlar vermədilər”.
Hər iki hissənin debütündə vurulan qollara toxunan təcrübəli mütəxəssis, oyuna sürətli başlamağın öncədən planlaşdırıldığını bildirib: “İlk 10 dəqiqədə, yanlış yanılmıramsa, rəqib qapısına 5 zərbə endirdik. Hətta həmin anadək 2, bəlkə də 3 qol vurmalı idik. Əsas məqsədimiz matçın taleyini tez bir zamanda lehimizə çevirmək və stadondakı coşğunu, azarkeş təzyiqini soyutmaq idi. Mütləq təhlil etməli olduğumuz məqamlar var. Belə ki, 30-cu dəqiqəyə qədər hər şey plan üzrə gedirdi. Lakin ötürmələrdə etdiyimiz kiçik səhvlər ‘Sabah’a oyuna qayıtmaq şansı verdi. Bütün bunlara baxmayaraq, biz yaxşı oynadıq, amma rəqib də həqiqətən əla mübarizə apardı”.
“Borussiya”nın sükanı arxasında olan mütəxəssis “Sabah”ın futbol keyfiyyətinə və baş məşqçi Valdas Dambrauskasın işinə xüsusi simpatik yanaşaraq, Azərbaycan klubunun Çempionlar Liqasındakı şanslarını dəyərləndirib: “Çoxları elə düşünür ki, Norveçə səfər edəndə oynamaq asandır. Eynilə Azərbaycana səfərin də rahat gəzinti olacağını zənn edənlər var. Qətiyyən belə deyil! ‘Sabah’ın heyətində taktik, texniki və fiziki cəhətdən çox keyfiyyətli futbolçular cəmləşib. Baş məşqçiləri də komandanı matçlara mükəmməl hazırlayır. Bu, təkcə bu günkü oyuna aid deyil, biz bunu ‘Slaviya’ ilə matçda və təsnifat mərhələsində də görmüşdük.Odur ki, ‘Sabah’ın nümayiş etdirdiyi futbol mənim üçün sürpriz olmadı, çünki onların bir çox oyununu izləmişdim. Əminəm ki, qarşıdakı turlarda bir çox komanda Bakıda ciddi çətinliklərlə üzləşəcək. Qarşıda hələ 5 oyun var və düşünürəm ki, ‘Sabah’ digər rəqiblərin başını çoxağrıdacaq”.