Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
AFFA-nın məlumatına görə, baş məşqçi 14 futbolçuya dəvət göndərib. Heyətdə “Qarabağ”dan Oktay Mehrəliyev və Məhəmməd Ağamalıyev, “Neftçi”dən Emil Quliyev, Əkbər Nağıyev, Kənan Əzimov, Qafar Babayev, Səid Bayramov və Subhan Əlizadə, “Sabah”dan Həsən Məmmədov, Həsən Rəmazanov və Murad Məmmədzadə, “Ulduz”dan isə Asif Allahverdi-zadə, Müşfiq Zamanov və Yusif Əlizadə yer alıblar.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də “Kristal Holl”da Timor-Leste yığmasına qarşı keçirəcək. Görüş saat 19:30-da başlayacaq.
Yığmamız oktyabrın 25-də Hövsandakı 10A meydanında əvvəlcə Andorra ilə (12:45), daha sonra Avstraliya ilə (19:30) qarşılaşacaq. Oktyabrın 26-da isə həmin meydanda İsrail (11:30) və Haiti (18:15) ilə oyunlar keçiriləcək.
Turnirdə 189 ölkənin iştirakı, ümumilikdə isə təxminən 1000 oyunun təşkili gözlənilir. Yarış dünyanın müxtəlif ölkələrindən olan gənc futbolçuları bir araya gətirəcək.