Almaniyanın “Sky Sport” portalı UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”la Dortmund “Borussiya”sı arasında keçiriləcək oyuna maraqdan yazıb. Nəşrin məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı 55 mindən çox azarkeşin izləyəcəyi gözlənilir. Bu, 2017-ci ildə yaradılan “Sabah”ın tarixində ən böyük azarkeş auditoriyası ola bilər.
“Sky Sport” qeyd edir ki, Azərbaycan çempionatında oyunları adətən 1000–1500 tamaşaçı izləyir. Buna görə də Dortmund təmsilçisi ilə görüş klub üçün xüsusi əhəmiyyət daşıyır. Masazır təmsilçisi bu matçda özünün ən böyük azarkeş auditoriyası qarşısında meydana çıxmağa hazırlaşır.
Nəşr böyük marağın səbəblərindən biri kimi “Sabah”ın doğma meydanından daha böyük və müasir Bakı Olimpiya Stadionuna köçməsini göstərir. Masazırdakı stadionundan təxminən 20 kilometr aralıda yerləşən arena 68 min tamaşaçı tutumuna malikdir. Bakı Olimpiya Stadionu 2021-ci ildə keçirilən futbol üzrə Avropa çempionatının dörd oyununa da ev sahibliyi edib.
Almaniya nəşri xatırladır ki, “Sabah” ötən həftə Çempionlar Liqasının əsas mərhələsində “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub edərək tarixində ilk qələbəsini qazanıb. Həmin qarşılaşmanı təxminən 30 min azarkeş tribunadan izləyib. “Sky Sport” Dortmund “Borussiya”sı ilə oyunda bu rəqəmin az qala ikiqat arta biləcəyini vurğulayır.
Dortmund klubunun baş məşqçisi Niko Kovaç da Bakıdakı azarkeş marağına diqqət çəkib. O, qarşılaşmadan əvvəl stadionda keçirilən son məşqdən sonra rəqibin tribunaların böyük dəstəyini hiss edəcəyini bildirib: “Bu komanda burada, şübhəsiz ki, böyük azarkeş dəstəyi alacaq”.
Azərbaycana ikinci dəfə səfər etdiyini deyən xorvatiyalı mütəxəssis ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüb: “Azərbaycan çox gözəl ölkədir. Buraya gəlməyi hər kəsə tövsiyə edədim. Burada vaxt keçirmək xoşdur”.
Beləliklə, “Sabah” – “Borussiya” qarşılaşması təkcə meydandakı mübarizə ilə deyil, tribunalarda gözlənilən izdihamla da diqqət mərkəzindədir. 55 mindən çox tamaşaçının iştirakı reallaşarsa, bu, Masazır klubunun qısa tarixində ən böyük azarkeş göstəricisi olacaq.