“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski “Sabah”ın oyun üslubunu “Barselona” ilə müqayisə edib. Çexiyalı mütəxəssis Bakı klubunun hücum potensialını yüksək qiymətləndirib, komandanın texnikalı futbolçularına və fərdi keyfiyyətlərinə diqqət çəkib. O, “Sabah”ın müdafiədən daha çox hücumda təhlükəli olduğunu vurğulayıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”la qarşılaşacaq Praqa təmsilçisinin çalışdırıcısı oyundan əvvəl keçirilən mətbuat konfransında rəqibi təhlil edib, komandasının hazırlıq vəziyyəti və zədəlilərin durumu barədə danışıb.
“Bəzi futbolçuların vəziyyəti fərqlidir”
Trpişovski beynəlxalq fasilədən sonra futbolçuların fiziki durumunun fərqli olduğunu bildirib:
“Milli komandaların düşərgəsində olan oyunçuların vəziyyəti onların nə qədər oynayıb səfər etdiklərindən asılıdır. Bəzi futbolçularımız uzun müddətdən sonra fərqli proqram üzrə hazırlaşmaq imkanı əldə etdilər. Ümid edirəm ki, bunun müsbət təsirini oyunda görəcəyik.
Bərpa prosesini başa vuran bəzi oyunçular da bizimlə səfərə gəlib və onların bir qismi matçda iştirak edə bilər. Avropada bir neçə turnirdə mübarizə aparan digər komandalar kimi, biz də müəyyən çətinliklərlə üzləşirik. Bəzi futbolçular xəstədir, digərlərinin isə zədələri var. Onların mümkün qədər tez qayıtmasını istəyirik. Bununla belə, indiyədək çatışmazlıqları kompensasiya etməyi bacarmışıq”.
Baş məşqçi Adoniya Uandanın zədəsinin yenidən təkrarlandığını və futbolçunun sıraya qayıtmasının uzanacağını da açıqlayıb. Onun sözlərinə görə, Uanda növbəti beynəlxalq fasiləyədək tam hazır olmayacaq. Futbolçunun nə vaxt meydana dönəcəyi müalicənin gedişindən asılı olacaq.
“Sabah”ın oyun üslubu “Barselona”ya bənzəyir
Çexiyalı mütəxəssis Bakı təmsilçisinin taktiki xüsusiyyətlərindən danışarkən “Sabah”ın oyun modelini İspaniya nəhəngi ilə müqayisə edib: “Futbolçuların meydandakı mövqeləri və həyata keçirməyə çalışdıqları prinsiplər baxımından onların düzülüşü “Barselona”nı xatırladır. “Sabah” 4-3-3 sxemindən istifadə edir, müdafiədə isə 4-1-4-1 düzülüşünə keçir. Prinsiplər çox oxşardır.
Mançesterdə oyunlarını bəzi məqamlarda dəyişdilər, xüsusilə sürətli qaçışlara və boş zonalara hərəkətlərə üstünlük verdilər. Ümumilikdə isə hücumda üç texnikalı futbolçudan yararlanmağa, topu onlara çatdırmağa çalışırlar. Rəqibi fərdi ustalıq, driblinq və hücumçuların keyfiyyətləri hesabına üstələmək istəyirlər.
Seçmə mərhələsində çox yaxşı çıxış etdilər, Mançesterdə də uğurlu oyun epizodları oldu. Topa mərhələli şəkildə nəzarət etməyi sevirlər, təzyiq altında isə cinahlardakı sürətli futbolçularına güvənə bilirlər. Məncə, onların hücum potensialı müdafiə imkanlarından daha güclüdür”.
“Klubun qısa müddətdə Çempionlar Liqasına çıxması böyük göstəricidir”
Trpişovski “Sabah”ın qısa müddətdə qazandığı uğurları da yüksək qiymətləndirib. O, Bakı klubunun özünəməxsus futbol kimliyi formalaşdırdığını bildirib: “Futbolun gözəlliyi ondadır ki, hər klubun öz hekayəsi var. Bəzən zəngin tarixə malik komandada çalışırsan, bəzən isə hər şeyi sıfırdan qurmaq imkanı əldə edirsən. Burada insanlar yaxşı iş görürlər və görünür, bundan zövq alırlar.
Bu, klubun təməlini formalaşdırır. Belə qısa müddətdə Çempionlar Liqasına çıxmaları onlar üçün böyük göstəricidir. Videotəhlillər zamanı gördüklərimiz də bunu təsdiqləyir: “Sabah”ın öz səviyyəsi və oyun kimliyi var”.
“Ad rəqibin gücünü müəyyən etmir”
“Sabah”ın kağız üzərində Çempionlar Liqasındakı digər rəqiblərindən daha zəif görünməsi ilə bağlı suala cavab verən “Slaviya”nın çalışdırıcısı rəqibin adına aldanmamağın vacibliyini vurğulayıb: “Dörd il əvvəl Konfrans Liqasında qarşılaşdığımız “Ballkani”ni xatırlayıram. O vaxt bu komanda haqqında, hətta mənim özümün də, məlumatım çox az idi. Ancaq sonradan “Sparta”da çıxış edən Krasniçi, Rahmani və digər keyfiyyətli futbolçulara malik idilər.
Komandanın böyük ad-sanının olmaması onun səviyyəsi barədə heç nə demir. Eyni zamanda, bəzən nüfuzlu ada malik komanda ilə qarşılaşırsan, amma həmin vaxt onun səviyyəsi gözlənilən qədər yüksək olmur.
Çempionlar Liqasında qarşımıza çıxacaq digər rəqiblərə baxanda Avropa təcrübəmiz və ambisiyalarımız bizdə qələbəyə inam yaradır. Bukmekerlərin də bizə inanmasından məmnunuq və ümid edirik ki, bunu meydanda təsdiqləyəcəyik”.
“Onların oyun üslubunu əvvəlcədən müəyyənləşdirmək mümkündür”
Trpişovski “Sabah”ın oyun modelini tanımağın çətin olmadığını desə də, Bakı klubunun taktiki baxımdan müəyyən üstünlüklərə malik olduğunu qeyd edib: “Onların oyun üslubunu müəyyənləşdirmək çətin deyil. Daim istifadə etdikləri, lakin müxtəlif cür dəyişdirə bildikləri bir oyun modeli var. Komandanın üstünlüyü ondadır ki, futbolçular bir-biri ilə yaxşı anlaşırlar. Buna görə də, bizi hansısa yeniliklə təəccübləndirməsələr, onların hərəkətlərini və oyun planını tez müəyyənləşdirə bilərik.
Futbolçuların hansı istiqamətdə hərəkət etdiyini və necə oynadığını bildikdə rəqibə hazırlaşmaq daha asan olur”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.