Çexiyanın “Slaviya” klubunun hücumçusu Daniel Şturm UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda “Sabah”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Klubun rəsmi saytına danışan futbolçu qarşılaşmanın çətin keçəcəyini gözləsə də, Praqa təmsilçisinin qələbə qazanmaq niyyətində olduğunu bildirib.
“Bizi çətin oyun gözləyir, amma Bakıya qələbə üçün gedirik. ‘Sabah’ üzərində qalib gəlmək üçün yaxşı şanslarımız var. Bununla belə, söhbət Çempionlar Liqasından gedir və burada heç bir rəqibi kiçik görmək olmaz. Çətin olacaq, amma inanıram ki, matçın sonunda məmnun qalacağıq”, – deyə Şturm vurğulayıb.
Hücumçu Azərbaycana əvvəlki səfərini də xatırlayıb. O, həmin vaxt Sloveniyanın “Çelye” klubunun formasını geyinərkən Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçirilən oyunda 3:2 hesablı qələbəyə sevinib.
“Bu hissi yenidən yaşamaq istəyirəm”, – deyə Şturm əlavə edib.
“Slaviya”nın məşqçilər korpusunun üzvü Zdenek Houşteçki də Bakıya əvvəlki səfərindən danışıb. O, vaxtilə “Slovan”ın (Liberets) məşqçilər heyətində olarkən Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda iştirak edib.
Houşteçki qarşıdakı görüşdə üç xal qazanacaqlarına inandığını bildirib: “Hər oyunda qalib gəlmək istəyirik və bu qarşılaşma da istisna deyil. Bakıda xoş atmosfer var, futbol çox populyardır və şəhərdə çoxlu stadionlar var. Yeganə problem uzun səfərdir. Bununla belə, Praqa ilə müqayisədə Bakının iqlimi daha istidir və bu da böyük üstünlükdür”.
Xartılada ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də Bakıda keçiriləcək.