“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda “Şamaxı” ilə heç-heçədən (1:1) sonra komandasının üzləşdiyi ciddi zədə problemlərindən danışıb. Komandanın baş məşqçisi Rəşad Sadıqov heyətdə 8-9 futbolçunun zədəli olduğunu açıqlayıb. Mütəxəssis bildirib ki, itkilər səbəbindən hətta tam hazır olmayan oyunçuları da meydana buraxmağa məcbur qalırlar.
Sadıqov bu barədə Azərbaycan Premyer Liqasının VII turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçədən sonra danışıb.
Baş məşqçi qarşılaşmanın çətin keçdiyini, komandasının ilk hissədə yaxşı imkanlar qazansa da, onlardan yararlana bilmədiyini bildirib. Onun sözlərinə görə, “Şamaxı”nın uzaq məsafədən vurduğu qol real qol epizodunun nəticəsi olmayıb. “Zirə” hesabı bərabərləşdirsə də, qələbə qolunu vurmaq mümkün olmayıb.
“Belə ciddi çətinliklər fonunda bir xal qazanmaq da asan deyildi. Şükürlər olsun ki, heç olmasa, bir xal götürə bildik”, – deyə Sadıqov vurğulayıb.
Mütəxəssis zədə problemlərinin artmasını sıx oyun qrafiki və ardıcıl ağır qarşılaşmalarla əlaqələndirib. İssa Cibrilla millinin düşərgəsində zədələnib, Qvima da sıradan çıxıb. Georgi Papunaşvili iki həftə hərarətdən əziyyət çəkib. Həm o, həm də Ərən Aydın cəmi bir məşqdə iştirak etdikdən sonra meydana çıxıb. Leqbo isə zədədən sonra ilk oyununu keçirib.
“Artıq meydana buraxmağa futbolçu tapmırıq. Bu tendensiya davam edir. Qapımıza cəmi bir zərbə vuruldu və o da qolla nəticələndi. Belə vəziyyətdə qələbə qazanmaq çətindir”, – deyə baş məşqçi bildirib.
Sadıqovun sözlərinə görə, heyətdəki çatışmazlıq komandanı taktiki dəyişikliklərə də məcbur edir. Sol cinah müdafiəçisi kimi nəzərdə tutulan Leqbo futbolçu azlığı səbəbindən daha irəli mövqedə oynayıb. Mütəxəssis həmçinin Ktataunun sümüyünün sındığını, İssa Cibrillanın isə təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
“Zirə”nin baş məşqçisi növbəti turda Gəncədə keçiriləcək görüşün də çətin olacağını bildirib. O, komandanın hazırkı vəziyyətinin mövsümün əvvəlindəki planlara uyğun gəlmədiyini etiraf edib.
Sadıqov müsahibəsində qapıçı Anar Nəzirovun gələcək planlarına da toxunub. Onun sözlərinə görə, karyerasını bitirmək istəyən təcrübəli qolkiper bu mövsüm komandanın üçüncü qapıçısı statusundadır və digər qapıçılara kömək edir.
Baş məşqçi sabiq qapıçıları Tyaqo Silvanın “Şəfa”ya keçidini də şərh edib. O bildirib ki, klub braziliyalıya müqavilənin başa çatmasına 1-2 ay qalmış yeni sözləşmə təklif edib, lakin futbolçu qərar vermək üçün əlavə vaxt istəyib.“Biz onun getməsini istəmirdik. Ola bilsin, daha yaxşı təklifləri var idi. Silva yaxşı komandaya keçib. Ona uğurlar arzulayıram”, – deyə Sadıqov əlavə edib.