“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı işi haqda danışan Joze Mourinyo yekun qərarın çox gec veriləcəyini düşünür. 63 yaşlı mütəxəssis bu prosesi zarafatla şərh edərək qərarı görməyə ömrünün çatmaya biləcəyini deyib.
“Corriere dello Sport”a müsahibəsində portuqaliyalı məşqçi məsələni ciddi qəbul etməkdənsə, ona gülməyi üstün tutduğunu deyib.
“Düşünürəm ki, nə vaxtsa bir qərar veriləcək. Amma artıq 60 yaşımı keçmişəm. Yekun qərarı görməyə ömrüm çatsa, bəxtim gətirəcək. Əvvəl qərar veriləcək, sonra apellyasiya prosesi başlayacaq… O vaxta 80 yaşım olacaq”, – deyə Mourinyo bildirib.
O, daha əvvəl “Mançester Siti” 2017/2018 mövsümünün çempionluğundan məhrum edilərsə, həmin mövsüm “Mançester Yunayted”lə ikinci yeri tutduğuna görə ona medal verilməli olduğunu da zarafatla söyləyib.
“Mançester Siti” 2009–2018-ci illərdə maliyyə hesabatları, sponsorluq müqavilələri və aktivlərin dəyərinin göstərilməsi ilə bağlı Premyer Liqanın irəli sürdüyü 115 ittihamla üzləşib. Məlumatlara görə, klub 114 ittiham üzrə təqsirli bilinib, lakin bu iddia yekun və rəsmi qərar kimi təsdiqlənməyib. “Mançester Siti” ittihamları rədd edir və Premyer Liqanın qərarına etiraz edib.