“Şaxtyor”un baş məşqçisi Arda Turan Türkiyə millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib. Jurnalist Berşan Taşkayın məlumatına görə, 39 yaşlı mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) hazırkı rəhbərliyi ilə işləmək istəmədiyi üçün bu təklifdən imtina edib.
Dünən TFF Vinçentso Montella ilə yollarını ayırdığını açıqlayıb. İtaliyalı mütəxəssis 2023-cü ilin sentyabrından Türkiyə millisini çalışdırırdı. Onun mümkün əvəzləyicisi ilə bağlı müzakirələr fonunda Arda Turanın adı da gündəmə gəlib.
Turan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə də açıqlama verib. O, Dmitri Qordonun müsahibəsində bildirib ki, “Şaxtyor”un Ukrayna çempionatında LNZ ilə çempionluq uğrunda mübarizə apardığı vaxt Ərdoğan onunla əlaqə saxlayıb.
Mütəxəssisin sözlərinə görə, həlledici turlar ərəfəsində Türkiyə Prezidenti komandanın mövsümü birinci pillədə başa vurmasının vacibliyinə nəzakətlə işarə edib.
“Bəli, doğrudur, Ərdoğan çempionluq münasibətilə məni təbrik etdi. Amma bundan əvvəl də danışmışdıq. Həmin vaxt liderliyi itirə bilərdik, LNZ ilə bərabər mübarizə aparırdıq”, – deyə Turan bildirib.
O əlavə edib ki, həmin telefon danışığında Ərdoğan mövsümü lider kimi başa vurmağın vacibliyini vurğulayıb.