Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 qitə çempionatında millinin 8 üzvü yarımfinala vəsiqə qazanıb.
1/4 final mərhələsinin son günündə daha 6 boksçumuz rəqiblərini məğlub edərək ən azı bürünc medalı təmin edib.
Cəmilə Muradlı (57 kq) çexiyalı Rozali Uhrovanı hakimlərin 4:1 hesablı qərarı ilə üstələyib. O, finala vəsiqə uğrunda italiyalı Morena Stifani ilə qarşılaşacaq.
Həsrət Məmmədov (46 kq) slovakiyalı Kristian Mezesiyə cəmi 79 saniyəyə qalib gəlib. Boksçumuz final uğrunda irlandiyalı Ronan Çarlzla üz-üzə gələcək.
İsmayıl Nəsirzadə (52 kq) israilli Qleb Qrinblatı 5:0 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi irlandiyalı Martin Nevi olacaq.
Qardaş Rəhimov (54 kq) belaruslu Mikita Beskaravainiyə 5:0 hesabı ilə qalib gəlib. O, finala yüksəlmək üçün monteneqrolu Strahinya Mrdakla döyüşəcək.
Məhəmmədəli İstamov (57 kq) yunanıstanlı Eleftherios Zurnatsis üzərində qələbə qazanıb. İlk iki raunddan sonra rəqibin məşqçiləri döyüşü davam etdirməkdən imtina ediblər. İstamov yarımfinalda ukraynalı Nikita Zaxarçenko ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə rusiyalı Sandro Tsimtsbanı ilk raundda nokauta göndərərək yarımfinala yüksəlib. Onun növbəti rəqibi irlandiyalı Paddi Nevin olacaq.
Bundan əvvəl Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinala vəsiqə qazanıblar. Beləliklə, 8 boksçumuz Avropa çempionatında ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, yarımfinal görüşləri bu gün, final döyüşləri isə oktyabrın 11-də keçiriləcək.