Ölkəmizin kişilərdən ibarət basketbol klubu “LANDAU Lions” avrokubok mövsümünə start verib. Təmsilçimiz FIBA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Latviyanın “VEF Riqa” kollektivi ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində baş tutan görüş rəqibin 105:88 (30:27, 19:21, 35:23, 21:17) hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın böyük hissəsi gərgin mübarizə şəraitində keçsə də, Bakı təmsilçisi məğlubiyyətdən qaça bilməyib və turnirdə mübarizəni dayandırıb.
Uğursuzluğa baxmayaraq, “LANDAU Lions” üçün beynəlxalq mövsüm başa çatmayıb. Komandamız yoluna FIBA Avropa Kubokunda davam edəcək. Təmsilçimiz G qrupunda Danimarkanın “Bakken Birs”, Portuqaliyanın “Benfika”, Türkiyənin “Dənizli Basket”, İsveçrənin “Layons de Jenev”, eləcə də “Prievidza” (Slovakiya) – “Samobor” (Xorvatiya) cütünün qalibi ilə gücünü sınayacaq.
Xatırladaq ki, Azərbaycanı FIBA Çempionlar Liqasının əsas (qrup) mərhələsində ölkə çempionu “Sabah” təmsil edəcək. Paytaxt klubu B qrupunda “Ritas” (Litva), “Nanter 92” (Fransa) və “Trabzonspor” (Türkiyə) ilə qarşılaşacaq.