“Neftçi” futbol klubu yarımmüdafiəçisi Emil Səfərovla yenidən anlaşıb. Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 23 yaşlı futbolçu ilə müddəti “2+1” il nəzərdə tutulan yeni müqavilə imzalanıb.
2024-cü ildən “ağ-qaralar”ın şərəfini qoruyan Səfərov ötən dövr ərzində bütün turnirlər daxil olmaqla meydana çıxdığı 50 qarşılaşmada 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer gənc yarımmüdafiəçi ilə imzalanan yeni sözləşmə barədə danışarkən onun komanda üçün önəmini vurğulayıb: “23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də ölkə millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək idmançılardandır.
Birlikdə olduğumuz bu müddət ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formaya sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Ona komandamızda və milli komandadakı karyerasında parlaq uğurlar arzulayırıq”.