“Feyenoord”un hücumçusu Nibo Ferri “Zvolle”ni 7:0 hesabı ilə darmadağın etdikləri matçda üç qol vursa da, məşhur “Opta” statistika agentliyi ispaniyalı futbolçunun hesabına yalnız iki qol yazıb. Niderland Kral Futbol Assosiasiyası (KNVB) isə operativ qərar qəbul edərək Ferrinin het-trik etdiyini rəsmən təsdiqləyib.
Mübahisəyə səbəb Rotterdam təmsilçisinin ilk qolu olub. Ferrinin zərbəsindən sonra top rəqib müdafiəçi Saymon Qreyvsə dəyərək qapıya daxil olub və epizod əvvəlcə avtoqol kimi qeydə alınıb. Lakin baş hakim Aleks Bos görüşün protokolunda qolun müəllifini Ferri göstərib. Hətta qarşılaşmadan sonra referi topu üç qol vuran hücumçuya təqdim edib.
“Opta” isə epizodu avtoqol kimi qiymətləndirdiyindən agentliyin statistikasından istifadə edən ESPN də qolu Ferrinin aktivinə yazmayıb.
KNVB-nin mətbuat xidməti “Algemeen Dagblad”a açıqlamasında qərarın əsasını oyun protokolunun təşkil etdiyini bildirib: “Belə hallarda həlledici məqam oyun protokoludur. Qol rəsmən Ferrinin adına yazılıb”.
“Opta” isə hələlik mövqeyini dəyişməyib. Agentlik bildirib ki, Erediviziyanın rəsmi data tərəfdaşıdır və təqdim etdiyi məlumatlar medianın istifadə etdiyi rəsmi statistikanın əsasını təşkil edir. KNVB isə öz qeydiyyat məlumatlarından yalnız “Voetbal.nl” kimi platformalarda istifadə edir.
Bununla belə, “Opta” epizodun mübahisəli olduğunu etiraf edib: “Bu, mübahisəli epizoddur və komandamız tərəfindən təhlil olunur. Qərarın dəyişdirilməsi ehtimalı az olsa da, məsələyə yenidən baxa bilərik”.
Agentlik əlavə edib ki, yeni kamera bucaqlarından əldə olunan görüntülər Ferrinin ilk zərbəsinin Qreyvsə dəymədən əvvəlcə birbaşa qapıya yönəldiyini göstərərsə, qol onun adına rəsmiləşdiriləcək.
Beləliklə, hazırda rəsmi oyun protokoluna əsasən Ferrinin hesabında üç qol, “Opta” statistikasında isə iki qol göstərilir.
Een van richting veranderd schot van Nacho Ferri valt binnen!👏#pecfey pic.twitter.com/lotZGqMiQd
— ESPN NL (@ESPNnl) September 13, 2026