Premyer Liqanın 5-ci turunda “İmişli” üzərində qazanılan (3:2) çətin qələbədən sonra “Neftçi”nin baş məşqçisi Yuriy Vernidub mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis iki top üstünlüyün əldən verilməsini kəskin tənqid edib və heyətdəki son vəziyyətlə bağlı diqqətçəkən məqamlara toxunub.
Təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanın gözləniləndən daha gərgin keçməsinə münasibət bildirib: “Matçın ilk yarısında planlaşdırdığımız futbolu nümayiş etdirirdik. Lakin 2:0 hesabı ilə öndə olduğumuz halda rəqibin hesabı bərabərləşdirməsinə şərait yaratmaq qəbuledilməzdir. Soyunub-geyinmə otağında futbolçulara açıq şəkildə bildirdim ki, bu cür arxayınlaşmağa haqqımız yoxdur və eyni xətalara yenidən yol verə bilmərik. Bəli, süni örtükdə oynamaq asan deyil, amma rəqib də eyni şərtlər altında mübarizə aparır. Buraxdığımız hər iki qolun qarşısını almaq tamamilə mümkün idi. Bütün səhvləri təhlil edib hər bir oyunçu ilə fərdi söhbət aparacağıq”.
Final fitindən sonra hakimlərlə yaşanan dialoqa da aydınlıq gətirən ukraynalı çalışdırıcı, hər hansı etirazının olmadığını qeyd edib: “Referiyə heç bir epizodla bağlı narazılıq və ya etiraz bildirmədim”.
Əvəzetmədən meydana daxil olaraq komandasına qələbə qazandıran Qustavo Klismanın möhtəşəm qolunu dəyərləndirən Vernidub, xüsusən yeni gələnlərin performansından razılıq edib: “Açıq deyim, karyeram ərzində bundan da gözəl qollar görmüşəm. Lakin məni əsl sevindirən məqam komandaya yeni qoşulan futbolçuların adaptasiya prosesini sürətlə keçməsi və oyunlarının yaxşılaşmasıdır. Xüsusilə şadam ki, məhz ehtiyatdan meydana daxil olan futbolçu belə gözəl zərbə ilə bizə vacib üç xalı qazandırdı”. Baş məşqçi adı iştirak ərizəsinə salınmayan Bessala Sambunun gələcək taleyi ilə bağlı sualı da cavabsız qoymayıb: “Onun komandadakı perspektivinə zaman aydınlıq gətirəcək. Sambu hələ ki bizimlədir. Burada bəzi həssas məqamlar var. Oyunçu dərk etməlidir ki, futbola peşəkar yanaşmaq və sırf öz işinə konsentrasiya olmaq lazımdır”.